Yuxarı

Binəqədidə həyət evi: cəmi 2000 dollara - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu, General Şıxliniski küçəsi 59-da bir ailə yaşayır. "Yaşayır" demək bəlkə də doğru olmaz. O ailənin üzvləri özlərini yerin təkində, ö dünyada hiss edir, rütubət, tullantı dolu darısqal zirzəmidə ömür sürürlər.

Yanlış ünvan

Bu ailənin sorağını alıb ardınca düşmüşdük. Sosial şəbəkədə ailənin faciəvi durumda olması ilə bağlı çalınan həyəcan təbilinə Axar.az olaraq laqeyd qala bilmədik. Göstərilən General Səmədağa Mehmandarov küçəsi-57 ünvanını axtardıq. Tapmadıq. Bu küçədə təkrəqəmli ünvan ümumiyyətlə yoxdur. Küçənin sağ tərəfi Xətai rayonunun, sol tərəfi isə Suraxanının inzibati ərazisidir. Ünvan səhv verilsə də, axtarışımızı davam etdirdim.

Adı çəkilən küçəni metr-metr axtarandan sonra, sonda 99 saylı MİS-ə baş çəkdim. Qurumun xanım əməkdaşı ünvanı dəqiqləşdirməkdə yardımçım oldu.

İşıqlı dünyadan xəbərsizlər

Və yuxarıda göstərilən ünvanda, Xətai rayonu 96 saylı MİS-in yerləşdiyi binada, Şıxliniski 59-da bu miskin ailənin yerləşdirildiyi zirzəmini tapdıq. Əslində, bura adı çəkilən "JEK"in emalatxanası olub. Əlacsız qalan ailəyə sığınmaq üçün verilib. Düz 8 ildir ki, haqqında bəhs edəcəyim ailə burada işıqlı dünyadan xəbərsiz kimi yaşayır.

Zirzəminin dar qapısı açıqdır. Rəngi solmuş köhnə parçadan pərdə asılıb. Astaca qapının dəmir çərçivəsini döyürəm. İçəridən qəribə xışıltı, pıçıltı eşidilir. Anlaşılmayan səsin ardınca isə qadın səsi:

- Kimdir? - soruşur.

Uşağın ata axtarışı

Pərdəni aralayıb keçirəm. Orta yaşlı qadın girəcəkdəki çarpayıda uzanıb. İçəridə gənc qadın və iki azyaşlı qız var. Uşaqlardan biri yan otaqdakı qarşokda oturub, yad adam səsi eşittcək boylanıb baxır:

- "Papa" – deyir. Gülümsəyir.

- Hər kəsə ata deyir. Fikir vermə. - Bunu uşaqların anası olduğunu söyləyən gənc qadın deyir.

Mən isə ilk növbədə girişdəcə dizlərimi qucaqlayan qızcığazın saçlarını sığallayıram:

- Adın nədir, ağıllı?

Uşağın fiziki qüsurlu olması baxışlarından aydınca oxunur. Saçlarına sığal çəkməyim xoşuna gəlir. Dizlərimi möhkəmcə sıxır:

- Adım Fidandı. 4 yaşım var, pişiyimi çox istəyirəm, - deyir.

Anası uşağı məndən aralayır. Hələ də üzümə təəccüblə baxırlar. Özümü təqdim edirəm. Çarpayıda uzanan qadının gözləri "otaqda" mənimçün yer axtarır, tapa bilmir, üzünü yana çevirir. Dizlərindən bir qarış yuxarı çılpaq qalmış ayağını ovxalayır:

- Qıçımı sındırmışam. Haçandır bu gündəyəm...

Nimdaş döşəklər, yatacaqlar

Əli Allahın ətəyindən, bəndənin yaxasından üzülmüş ailənin sığınacağına göz gəzdirirəm. İçəridə hava çatışmır. Nəfəs almaq belə olmur. Tavan nəm verir. Divardan-diavra kəndirlər çəkilib. Bu kəndirlərdən həm paltar qurutmaq üçün, həm də qarderob kimi istifadə olunur. Qış, yay, yaz paltarları üst-üstə bu 5-6 kvadrat-metrlik zirzəmidə qalaqlanıb. Ortalıqda balaca stol-stul, qapının ağzında elektrik sobası var. Yemək burda hazırlanır. Sobanın altındakı nimçəyə makaron süzülüb. Bu qida evdə saxlanılan 5 pişiyin birgə naharı üçün nəzərdə tutulub. Divar boyu iki tərəfdə taxt qurulub. Nimdaş döşəklər, yatacaqlar var.

Balaxanı zibilliyindən də bərbaddır

Yan "otağa" keçirəm. İçəri girdikdə özümü baxımsız vağzal ayaqyolusunda hiss edirəm. Ürəyim "böyüdü". Nəfəsim tıncıxdı. Bura Balaxanı zibilliyindən də bərbaddır. Qarışıq kanalizasiya və su boruları, elektrik xətləri keçir. Blokun 9 mərtəbəsində məskunlaşan sakinlərin bütün kommunikasiya xətləri burada birləşir. Bu "otaq" onların həm də hamam-tualetiymiş. Mənə tavana doğru qaldırılmış hamam vannası və unitaz göstərdi yuvanın xanımı. Həm vannadan, həm də unitazdan taxta yeşiklərdən düzəldilmiş pilləkənlə yuxarı qalxıb istifadə edilir. Onlarla plastik qablar ayaq altındadır. Burada ümumi mənzərəyə zərrəcə uyuşmayan televizor və DVD qoyulub. İkinci otağın girəcəyində isə digər balaca qızcığaz oturduğu qarşokdan dil boğaza qoymur:

Konfet.. oyuncaq

"Papa"- deyib, şalvarımın ətəyindən yapışıb.

Adını soruşuram. Anası: - Mələkdir, - deyir.

- Mələk, quzu, nə istəyirsən?

Nəsə deyir. Başa düşmürəm. Anası balasına dilmanclıq edir:

- Konfet istəyir.

- Gözlə, indi alaram, - deyirəm.

Uşaq sevinir. Bayıra çıxıram. Bu, nə gizlədim, həm də içərinin kəsafət qoxusundan canımı qurtarmağa kömək edir. Bir müddətdən sonra geri qayıdıram. Fidana və Mələyin hərəsinə bir konfet verib, bağlamanı stolun üstünə qoyuram. Mələk konfeti iştaha ilə yeyir. Sonra konfetin kağızını yalayır. Dilini rəngli kağız boyu gəzdirib sonra konfet kağızını səliqə ilə bükür. Bükülünü oturduğu qarşokun yanına qoyur. Mənə tərəf boylanır, görüncə:

- Papa, iqruşka...

- Yaxşı alaram, amma papan gələndə deyərsən daha yaxşısını alsın, - deyirəm və uşağa oyuncaq almaq üçün stolun üstünə pul qoyuram...

İçki aludəçisi

Ev sahibəsi ilə söhbət edirəm. Adı Bibixanımdır. 1968-ci ildə Bakıda anadan olub. Həyat yoldaşı rusdur - Aleksandr Makarov. Aleksandr 99 saylı MİS-də fəhlə işləyir. İçki aludəçisidir. Ailənin məşəqqətləri onun içkiyə olan hərisliyinin nəticəsidir. Amma düşüncələrim ailənin digər üzvlərinin də sağlam həyat tərzi yaşamağa həvəsli olmadığını diqtə edir. Necə deyərlər, bu ailənin basaratı bağlanıb.

Bu qadının özünün, hələ ki evdə yanında olan qızının və iki nəvəsinin sifətində həyat eşqi ölüb. Nəvələr hələ körpədir... Bibixanım uzandığı yerdən bir qədər dirsək verib, qalxıb. Bu adamın həyatı yazılacaq qədər asan deyil.

- 8 ildir burda qalırıq. Əvvəllər işləyirdim. Saşa da işləyir. Amma o, ley-peydədir. Gəlmir evə. Günə 10 manat verirlər. Yarısını içir.

Öyrənirəm ki, Saşanın 50 yaşı var.

- Demək, hələ gəncdir. İşləyib ailəsini dolandıra, ev-eşik qura bilər, - deyirəm.

Bibixanım dolanışığın çətin olmasından danışır. "Ərimin tüfeyli olması məni bədbəxt elədi", - deyir:

- Saşa içirdi. Uşaqlarım ölürdü acından. Binəqədidə evimiz vardı. Satdım.

2000 dollara satılan ev

- Bəs o pula bir iş qura bilmədiniz? Həm dolanışıq olardı, həm də kirayə ev tutardınız. Burada yaşamaq mümkün deyil axı.

- Balalrım acından ölürdü. 2000 dollara satdıq. Başqasına sata bilməzdim. Evin sənədləri yox idi. Kimdən torpaq almışdıq, o adam qoymadı. Həyətinin içində idi. Dedi, ya mənə bu qiymətə satın, ya da özünüz qalın. Biz qala bilmirdik.

Onunla zarafat edib ürəyini açmaq istəyirəm:

- Günah özünündür. Sən bu qədər müsəlmanın içindən seçib bir rusa getdin. O da "alkaş" çıxdı, kişi başına qəhət idi?

Zarafat edəcək halı yoxdur. Ciddi qəbul etdi. Əslində, mən sözümü həm də ciddi demişdim. Əlini ayaqlarına çəkir:

- Bilmirəm, necə oldu.

- Yaşadığınız yerin yaxşılaşdırılması üçün kimə müraciət etmisiz?

- Prezidentə yazdıq. Xətai İcra Hakimiyyəti "otkaz" yazdı. Biz ev istəyirik.

- Bibixanım, bəlkə iş istəyəsiz. Cavan qızın var, sən, ərin işləsəniz, pul yığıb torpaq alar, ev tikə bilərsiz.

- Yox, biz ev istəyirik. Bu ölkənin vətəndaşıyıq. Bizə ev versinlər.

Bayaqdan söhbətə qulaq asan Sevda dillənir:

- Bir dənə ev istəyirik. "Novostroyka" olmasa da olar.

- Bəlkə kimsəsizlər üçün sığınacaqlarda, qocalar, uşaqlar evində paylaşıb qalasız?

- Yox, ev olsa yaxşıdı.

Sevda 1989-cu ildə anadan olub. Orta təhsillidir. İşləmək istəmir. İddiası isə heç də ağır durumda olan insanın iddiası deyil.

Əri işləməyə qoymur

- Sevda, bax iki qız uşağın var. Özün də cavansan, fiziki qüsurun yoxdur. Niyə işləmirsən?

- İstəmirəm. Ərim qoymur. Deyir, işləmə. Harada işləyim? Yaxşı bir iş yeri olsaydı yenə də...

- Ərin burada qalır?

- Yox, anasının yanında. Evləri genişdi.

- Bəs niyə səni, balalrını götürüb aparmır?

- Mən istəmirəm qaynanamla qalım. Ərim arada gəlib baş çəkir.

- Pul verir sizə?

- Yox.

- Daha niyə gəlir ki, balasına heç nə almır?

Bu dəfə Bibixanım dillənir:

- Onu aldadırlar. Tikintidə işləyir. "Çastnı" işlər görür. Pulunu vermirlər.

Yenə: "Bizə ev versinlər..."

- Harada işləyib? Deyin, biz onun pulunu alıb qaytarmağa çalışarıq.

- Lazım deyil, bizə ev versinlər...

Yox, bu ailə bu duruma düşməkdə özü günahkardı. Hazırın naziri olmaq istəyirlər. Sevdaya üz tuturam:

- Deyirsən 8 ildir burdayıq. İki uşağın var. Böyük uşağın 4 yaşdadı. Demək, burdan ərə getmisən. Ər evində qalaydın.

- Mən ərimlə burda qalıram. Uşaqlarım burda olub.

Təəccüb məni boğur. Sevda isə yan otağı - trubaların kəsişdiyi yeri göstərir:

- Ərimlə burda "söhbət" edirik.

Burada isə heç saxladıqları pişiklər cütləşə bilməzdi. İyrənclik yağırdı o yerdən.

Bibixanım pişiklərə baxdığımı görüb aydınlıq gətirir:

- Burada mış-siçan əlindən tərpənmək olmur. Pişikləri onlara görə saxlayırıq.

- Siz buranı təmiz saxlasanız, siçovul olmaz axı.

- Pişiklər də canlıdır, – Bibixanım deyir.

Bibixanımın söhbətindən məlum olur ki, onun daha iki qızı və bir oğlu var. Sevinc adlı qız "Kombinat"da, qardaşının yanında olur. 27 yaşı var. Mağazada satıcı işləyir. Digər qızı Səidə və oğlu Səid isə məktəblidir. Nizami rayonunda Qara Qarayev metrosuna yaxın yerdə fiziki qüsurlu uşaqlar üçün 3 saylı internat məktəbində oxuyurlar. Bibixanım deyir ki, evi satdıqdan sonra bir müddət qardaşının yanında qalıb. Sonra qardaşı ailə qurub və yer darlıq edib.

- Cəmi iki otaqları vardı, - deyir.

Bir azdan Səid və Səidə də dərsdən gəlirlər. Hər ikisi məktəbli formasında səliqəli tər-təmiz geyinib. Bu təmizlik, ağ köynəklər yaşadıqları qaranlıq mühütə, üfunət və kəsafət dolu məkana sanki bir işıq seli gətirir.

Söhbət edirəm. Məktəblərindən danışırlar. Müəllimlərini şagird yoldaşlarından Günay adlı qızı tərifləyirlər:

- Başqaları kimi deyil o qız. Bizi başa düşür. Onun atası çox imkanlıdır. Sadəcə, orada fiziki qüsurlular oxuyur, deyə ora gəlir. Direktorumuz Nüşabə xanım da yaxşı müəllimədir. Bir dəfə bura gəlmişdi. Yerimizlə tanış oldu. Hamıya tapşırıb ki, şagirdlərdən pul yığılanda bizdən istəməsinlər. Bizim yerimizə o öz cibindən qoyur.

Uşaqlar danışır. Onları necə də saf və sadəlöv olmaları haqda fikirləşirəm.

- Heç məhəllədə dostlarınız var?

- Yoxdur. Uşaqlar çölə çıxan kimi onlara, bizə baxıb gülürlər. hamı bizi lağa qoyur, - Bibixanım belə deyir.

Səidə stolun üstünə qoyduğum pulu görüb bacısına pıçıltı ilə deyir:

- Qaytar. De, lazım deyil. Atam işləyir...

- Mələyə oyuncaq almaq üçün verdi, – Sevda da pıçıltı ilə deyir. Nə qədər yavaş səslənsə də, danışıqlar eşıdılir.

Sağollaşıb çıxıram. Artıq 96 saylı MİS-in iki işçisi zirzəminin qarşısındadır. Mənim kim olmağımla maraqlanırlar. Özümü təqdim edirəm. MİS-n mühəndisi Faiq Həsənov ailə, onların bu vəziyyətə düşməsi haqda giley və acıqla danışır:

- Saşa alkaşdır. Bizdə işləyib. Köhnə müdür ona ürək qızdırıb, yer verib, iş verib. Bu isə günlərlə işə gəlmədi. İndiki müdirimiz Zahid Bədəlov ürəyiyumşaq adamdır. Məcbur olub onu işdən çıxartsa da, hər gününə öz cibindən 10 manat verir ki, ailəsini dolandıra bilsin.

- Zahid müəllimin özünün maaşı da o qədər çox olmamalıdır. Bu qədər pulu haradan tapıb ona verir? – sualımi isə adaşım eşitmirmiş kimi davam edir:

Təmiz eşşəkdir

- 300 manat az pul deyil. Kanalizasiya təmizləyir, zir-zibili ərazidən yığışdırır, ona görə verir. Başqası etməz bunu, amma bizim müdirimiz edir. Saşa isə təmiz eşşəkdir. Suraxanıdan iki fəhlə gətirmişəm. İşləyirlər. Deyirəm, ay bala, durun siz təmizləyin, süpürün həyət-bacanı. Qızına xəbər göndərmişik ki, gəlsin, idarədə xadimə kimi işləsin, gəlmirlər. Ev istəyirlər. O qədər idmançımız, şəhid ailəmiz, layiqli insanımız var ki, onlara ev verə bilmirik. Bunların başına elə əvvəldən daş düşüb. Milliyətləri də bilinmir. O qədər adını dəyişənlər var ki, bunlar da deyəsən onlardandır. Görmürsən dilimizdə fərli-başlı danışmırlar...

Ayrılıram. Bu da bir insan taleyi, uçuruma yuvarlanan ailənin acı həyatı... Sizcə buna həyat, yaşam demək mümkündür?!

Tarix
2014.09.21 / 10:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla