Yuxarı

Ermənilər meyitlərini maşınlara bağlayıb apardı – Axar TV

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dadaş 15 metrlik məsafədə qırmızı işıq görür və birisinin gizlənərək siqaret çəkdiyini anlayır. Dərhal mövqeyinə geri dönərək bu barədə əsgər yoldaşlarını xəbərdar edir. Müəyyən edilmiş mövqe iri çaplı silahlardan atəşə tutulur. Lakin qırmızı işığın közərdiyi yerdən heç bir reaksiya olmur".

"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Dadaş Quliyev Astarada anadan olub. Sovet ordusunda xidmət edən qəhrəmanımız 1993-cü ildə Novruz bayramını qeyd etmək üçün Azərbaycana gəlib. Televiziyada təkrar göstərilən Xocalı soyqırımının kadrları ona çox pis təsir edib və Dadaş Vətəni müdafiə etmək üçün müharibəyə yollanıb.

Dost-tanışları ona getmə desələr də, bu fikrindən döndərə bilməyiblər. Cəbhəyə yollanmaq üçün Bakıya, Biləcəriyə gəlib. Daha sonra onu döyüşlərin getdiyi bölgəyə göndəriblər.

İlk dayanacağı Tərtərin Marquşvan kəndi olub. Qısa müddət ərzində burada təlim gördükdən sonra döyüşmək üçün dağlara qalxıb. Uzun müddət Sovet ordusunda xidmət etdiyi üçün qazandığı təcrübədən istifadə etməyə çalışıb. Onun ilk addımı isə səngərlə bağlı olub. Səngərlərin yöndəmsiz və yox səviyyəsində olması onu bəzi işlər görməyə vadar edib.

Amma ilk günlərdə şansızlıq onu izləyib. Ermənilərin minaatandan atdıqları mərmi yaxınlığına düşüb və Dadaş yaralanıb. Onun qulaq pərdəsi yırtılıb. Bir müddət Tərtərdə müalicə aldıqdan sonra Bakıya göndəriblər. Bura gətirilməsindən məmnun qalıb.

Müalicəsi bitdikdən sonra geri dönmək istəməyib və o öz rayonları Astaraya qayıdıb. Bir müddət burda ticarətlə məşğul olub.

Günlərin birində Heydər Əliyevin radio ilə müraciətini dinləyib. Müraciətdə Vətənin namuslu oğulları döyüşə çağırılır və fərarilərin bağışlanacağı elan edilirdi. Dadaşda ikinci dəfə döyüşmək həvəsi oyanıb...

O, döyüşmək üçün Lənkəran Əliyevin komandirliyini etdiyi 703 saylı briqadaya göndərilir. Artıq əvvəlki dövrlərdən fərqli olaraq səngərlər qazılmış, müdafiə sistemi qurulmuş vəziyyətdə olur. O, briqadanın 2-ci batalyonunda xidmət edir.

Onun cəbhədə ikinci döyüşü isə dekabrın son günlərində baş tutur. İlk hücumu qoşunlarımız edir və iki gün düşmən tərəfdə gizlənməli olurlar. Əsgərlərimiz müəyyən uğurlar qazansalar da, mövqelərinə geri dönürlər. Ermənilərin cavab hücumları isə daha güclü olur. Ağdamın Güllücə kəndi istiqamətində güclü döyüşlər baş tutur. 8 günlük döyüşdə əsgərlərimiz xeyli sayda ermənini məhv edirlər.

Hücum edən tərəf olduqlarından ermənilər döyüşdə çoxlu itki verirlər. Bu ərəfədə Dadaş maraqlı hadisə ilə üzləşir. O, təbii ehtiyacını ödəmək üçün tutduğu mövqedən uzaqlaşmalı olur. 15 metrlik məsafədə qırmızı işıq görür və birisinin gizlənərək siqaret çəkdiyini anlayır. Dərhal mövqeyinə geri dönərək bu barədə əsgər yoldaşlarını xəbərdar edir. Müəyyən edilmiş mövqe iri çaplı silahlardan atəşə tutulur. Lakin qırmızı işığın közərdiyi yerdən heç bir reaksiya olmur. Sabahadək gözləməli olurlar. Günəş artıq özünü göstərəndə gülləbarana tutulan yerdən pis qoxu gəlməyə başlayır.

Elə bu anda 777 saylı briqada Güllücə istiqamətində düşmənə qarşı hücuma keçir. Əsgərlərimiz səngərdən çıxma şansı əldə edirlər və gülləbaran olan yerə baş çəkirlər. Həmin yerdə 25-ə yaxın məhv edilmiş erməni döyüşçüsü tapırlar. Onların üzərini axtararkən önəmli bir şeylə rastlaşırlar. Ölü əsgərlərin ayaqları və qollarında "vosmikaneç" işarələrini görürlər və onların türmədən döyüşmək üçün gətirildiklərini anlayırlar.

Bir neçə gün sonra ermənilər bir batalyonla hücuma keçir. Düşmən tank və BMP-lərdən istifadə edir. Çay üzərində körpünü təhlükəsiz keçmək üçün bölgədə mina axtarışına başlayırlar və bu an ləngiyirlər. Dərhal əsgərlərimiz batalyon komandiri ilə əlaqə saxlayaraq düşməni gördüklərini xəbər verirlər. Elə bu an Dadaş mövqenin koordinatlarını öyrənmək üçün irəli hərəkət etməli olur və ötürdüyü məlumat düşmənin məhvinə gətirir. Ağdam istiqamətindən Qradlarla düşmən atəşə tutulur. Bütün texnika və minə yaxın canlı qüvvə məhv edilir. Düşmən gecə ikən meyitləri daşımağa cəhd göstərir və onları məftillə maşınlara bağlayaraq aparırlar.

Düşmənin atıb getdiyi texnikanı götürmək şansı yaranır. Lakin iki briqada arasında olan anlaşılmazlıq texnikanı götürməyə imkan vermir.

Komandiri onu yanına çağıraraq Ağdamın Qarapirim kəndini almağı tapşırır. Hava dumanlı olduğundan göz-gözü görmür. Dadaşın dəstəsi Papravənd çayına düşərək yolu azır. Özünü itirməyən Dadaş ermənilərin arxasına keçdiklərini görür. Dərhal müdafiə mövqeyinə keçərək, bu barədə komandirinə xəbər verir və bu istiqamətdə atəş açmamalarını istəyir. Bir müddət sonra ermənilər onları görür və bir saat boyunca atışma davam edir. Düşmən gülləsi onun burnunu sıyırıb keçir və o yüngül yaralanır. Bir müddət sonra atışma dayanır və ortaya sükut çökür.

Düşmən BMP ilə hücuma keçmək qərarına gəlir. Komandiri ilə əlaqə saxlayan Dadaş silah-sursatlarının bitdiyini xəbər verir və onlar geri çəkilmək məcburiyyətində qalırlar...

1994-cü ilin yanvarında Papravənd dağı istiqamətində qoşunlarımız hücum edir. Qısa döyüşlər baş versə də, yüksəkliyi tutmaq olmur. Bu istiqamətdə Dadaşa bütöv bölüyü irəli aparmaq əmri verilir. Bundan əlavə, hücum zamanı üzərlərində zabitləri olmayan 777 saylı briqadadan 75 əsgər də onun tabeliyinə keçir. Zabitlər kənara çəkilərək bu qədər məsuliyyəti yalnız onun üzərinə atırlar. Dadaş qoşunlarla birgə erməni postlarına hücum edir. Faciə isə burda baş verir.

Mina onun ayağı altında partlayır. Əsgərlər onu dağdan bölüyə düşürdürlər və xəstəxanaya çatdırırlar. Dadaş sağ ayağını itirir. O özünə gələndə 75 əsgərin hamısının şəhid olduğunu öyrənir.

Bu gün Dadaş Quliyev döyüşlərinin yarımçıq qaldığını deyir. Ona yenidən şans verilərsə, əlil olsa belə, iri çaplı silahlardan atəş açıb yardım edə biləcəyini söyləyir.

Bundan əlavə, o, müalicə xərclərini ödəmək üçün "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna görə nəzərdə tutulan sığorta məbləğinin ödənilməsini də istəyir...

Tarix
2014.09.17 / 12:12
Müəllif
İsmi Şahzadə, İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla