Yuxarı

Pulsuz dövlət xəstəxanalarında müayinə neçəyədir? – Qiymətlər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət xəstəxanalarından olan mütəmadi şikayətləri nəzərə alıb, Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində və Respublika Kliniki Xəstəxanasında olduq.

Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Mühafizə xidmətinin əməkdaşları çantadakı fotokameranı onlara verdikdən sonra içəri keçə biləcəyimizi dedilər.

Telefonda çəkiliş aparmaq imkanları olduğu üçün razılaşıb xəstə adı ilə içəri keçirik və dərhal da üfunət iyi bizi salamlayır.

Hər şeyin öz qiyməti var...

Ultrasəs müayinəsinin aparıldığı kabinetə yaxınlaşıram. Həkimə zobdan müayinə olunmaq istədiyimi bildirən kimi cavab verir:

- 15 manat ödəməlisən.

İmkanımın olmadığını deyirəm:

- Sən yaxşı olar ki, yaşadığın ərazidəki poliklinikaya gedəsən. Bəlkə orada pulsuz müayinə etdilər.

Xəstəxanada qanın ümumi analizi 8, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 7, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji müayinə 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Ancaq işdir, çıxıb baş həkimdən soruşsanız, bütün bunların yalan, xəstəxanada hər şeyin pulsuz olduğunu deyəcək. O da əgər baş həkimi xəstəxanada tapa bilsəniz. Məsələn, biz tapa bilmədik.

Xəstə ölür, maraqlanan yoxdur...

İçəridə olduğumuz müddətdə yanmış vəziyyətdə xəstəxanaya gətirilən xəstənin yarım saata yaxın hələ də həkimi gözləməsi sanki adi bir hal idi. Zədə aldığımı deyib, özümü yoxlatmaq istədiyimi bildirdim. Həkim dedi ki, hər insanın öz yaşadığı yerə yaxın poliklinika var və hər kəs ora getməlidir. Ancaq bir qədər sonra adının Afət olduğunu öyrəndiyimiz tibb bacısı həkimi birtəhər yola gətirəcəyini dedi. Birtəhər sözü yəqin ki, çoxlarınıza tanış gəlir...

Baş həkim kefində-damağında...

Baş həkimin otağının qarşısından keçəndə musiqi səsi içəridən gəl-gəl deyirdi. Musiqi gəl-gəl desə də, qapıya çıxan tibb bacısı baş həkimin qəbul saatlarının bitdiyini və hazırda xəstəxanada olmadığını bildirdi. "Birtəhər" necə həll edə biləcəklərini baş həkimdən soruşmaq istəyimiz baş tutmadı, Afət xanım da növbəsini dəyişdi.

Bütün bu oxuduqlarınız baş verəndən sonra xəstəxananın Qəbul şöbəsinə qayıdanda yanmış vəziyyətdə xəstəxanaya çatdırılan xəstə hələ də səbir edirdi. Xəstəxanadan çıxmağa 20 dəqiqə qalmış bir tibb bacısı yanmış xəstəni axır ki, həkimin yanına apardı.

Ümidi ən sonda ölən xəstələr...

Xəstəxana haqqında fikir formalaşdırmaq üçün Qəbul şöbəsi yetərlidir. Onlarla adam növbədə dayanıb dərdlərinə çarə edəcək həkimlərin gələcəyinə ümid edirlər.

Qaraciyər 20 manat, böyrəklər 25

Ordan çıxıb Topçubaşov adına xəstəxanaya gəlirik. Burdakı vəziyyət də o birilərindəkindən heç fərqlənmir. Ultrasəs müayinəsi (UZİ) kabinetinə yaxınlaşırıq. Zirzəmi kimi bir yerdə yerləşən bu kabinet sanki gizli iş üçün nəzərdə tutulub. Nə üçün gəldiyimi soruşduqdan sonra dedilər ki, həkimin qəbuluna düşməyə pul verməliyəm.

Girişdə 40 qəpik verib, içəri keçdim. Xalidə həkimdən qiyməti soruşdum. "Daxili orqanların hər biri ayrı-ayrılıqda UZİ-yə salınır. Misalçün, qaraciyər 20 manat, böyrəklər 25 manat, yumurtalıq 30 manat və sairədir".

Həkimə bildirdim ki, bizə bu xəstəxanada tibbi müayinənin pulsuz olduğunu deyib, bura göndəriblər.

Bu söz həkimə yaman təsir etdi:

- Biz də bala saxlayırıq, o maaşla gəl sən saxla görüm, bacaracaqsan?

Baş həkim Ramin Zamanovla görüşmək istəyimiz isə ürəyimizdə qaldı. Çünki burda da baş həkim tapılmır.

Başdan ayağa pul...

Xəstəxanadan çıxdıq. Elə bil rüşvət söhbətləri bizi qarabaqara izləyirdi. Qapıdan çıxanda gözümüzün qabağında maşınlardan pul alırdılar. Xarici maşınlardan 2, digərlərindən 1 manat. Xəstələrin yanına gələnlər maşını içəridə saxladıqlarına görə ən azı 1 manat ödəyirdilər.

Dövlət xəstəxanalarında analizlərin tariflərinin hansı meyarlara əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç bir xəstəxanada qiymət lövhələri asılmır. Göndərişlə gələn xəstələr isə analizləri aparan həkimin söylədiyi məbləği ödəmək məcburiyyətindədirlər.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxladıq.

Qurumun rəhbəri bildirdi ki, bu kimi hallarla bağlı Səhiyyə Nazirliyində qaynar xətt yaradılıb:

- Siz deyən hallarla bağlı nazirlikdə qaynar xətt yaradılıb. 9-103 nömrəli qaynar xəttə zəng edərək siz xəstəxananın adını, həkimin soyadını və adını deməklə araşdırma aparılmasını təmin edə bilərsiniz. Bəzən də apardığımız araşdırmalardan sonra bəlli olur ki, əslində bu şikayətlərin heç bir əsası yoxdur, hər hansı vətəndaş şəxsi ədavəti olan həkimdən qaynat xəttə şikayət edir.

Anar Qədirli bildirdi ki, jurnalistlərin yazdığı araşdırmalar da onların diqqətindədir və bununla bərabər özləri də reydlər keçirir:

- Mediada yazılan yazılar əsasında biz də araşdırma aparırıq. Rüşvət almış və ya almaq istəyən, xəstələrdən pul tələb edən həkimləri müəyyən etməyə çalışırıq. Bundan əlavə, özümüz də müxtəlif reydlər keçiririk. Qanun pozuntusu müəyyən etdiyimiz həkim cəzalandırılır. Bizim qaynar xətdən başqa Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də qaynar xətt yaradılıb. İnsanlar öz şikayətlərini ora da edə bilərlər. Sadəcə, unutmayın ki, kiminsə adını, soyadını demək hələ o şəxsin rüşvət tələb etməsi demək deyil. Daha yaxşı olar ki, vətəndaşlar qaynat xəttə faktla müraciət etsinlər.

Tarix
2014.09.12 / 09:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla