Yuxarı

Badımcan taksi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksilər şəhərin yaraşığıdır: şəhərin gündəlik həyatına bir festival rəngarəngliyi, bir dirilik qatırlar, ora qaçırlar, bura qaçırlar, müştəri axtara-axtara qaynaşırlar, gah fokstrot oynayırlar, gah da vals... hələ mən lambada, uzundərə demirəm. Hərdən də yorulub, tənbəlləşib küncdə-bucaqda səkilərə söykənə-söykənə ya darıxırlar, ya günün istisində bişirlər, soyuğunda donurlar, ya da heç nəyi veclərinə almayıb yatırlar: bir dəfə yağış döyür, o biri dəfə gün qurudur.

Taksilər şəhərdə həmişə var, heç kim olmayanda da var. Şəhər gecəni taksilərlə oyaq qalır. XX əsr şəhər mədəniyyətinin ayrılmaz bir emblemidir taksilər.

Hərçənd onların tarixini yazmağa başlayanda qədim Romadan başlayırlar.

Burada xüsusi cəng arabalarının əkizləri şəhər taksiləri funksiyasını yerinə yetirirmiş. Onların iki təkəri arasındakı birləşdirici oxdan balaca bir tas asarlarmış və bu tasa hər 200 metrədən bir xırda daş düşərmiş. Nə qədər daş yığılırmışsa, sərnişin də ona uyğun ödəniş eləyirmiş. Deməli, hələ o vaxt insanlar taksometrin nə olduğunu bilirmişlər. Əsl taksometr isə 1891-ci ildə alman Vilhelm Bryun tərəfindən icad olunacaq və ilk dəfə 1907-ci ildə London taksilərində çıqhaçıq deyinə-deyinə işə düşəcək.

"Taksometr" sözü "hər metrənin qiyməti var" və ya "hər metrə pulla ölçülür" anlamına gəlir. Yəni ayaqlarına əziyyət vermək istəmirsənsə, mənzil başına tez çatmağı arzulayırsansa, zəhmət çək, hər getdiyin metrəyə görə para ver.

Taksi şəhərin çox bahalı nəqliyyat xidmətini gerçəkləşdirir. Odur ki, taksidən tez-tez istifadə etməyi hər adam özünə rəva görmür.

Ancaq taksiləri dünyada XVII əsrdən üzü bəri London küçələrini ələk-fələk eləmiş keblər (kabriolet sözünün qısaldılmış forması) şöhrətləndiriblər. Sonra bu keb adı avtomatik şəkildə taksi maşınlarına da aid edilib.

Çağdaş dünyada qara London kebləri tarix içində rəsmi, dövlət tərəfindən təsdiqlənmiş taksi fəaliyyətinin haradasa simvolu kimi qavranılır.

İndi bütün məmləkətlərin taksiləri yavaş-yavaş "kebləşir".

Bakıda lap əvvəllər faytonlar taksi olublar. Amma nədənsə biz müasir taksilərə fayton demirik: keb deməyi məqbul sayırıq. Halbuki keblə fayton bir-birinə yaxın "qohumdurlar", "arabakimilər" sinfinə mənsubdurlar.

Lakin və bir də lakin...

Mən bir xeyli düşündüm ki, aya, görəsən, öz birbaşa sərnişin daşıma görəvindən başqa taksilər şəhərdə daha hansı funksiyanı gerçəkləşdirirlər? Əslində, elə məqaləni də bu suala görə yazmışam.

Taksilər müasir şəhər folklorunun ən aktiv iştirakçısı və müəllifləridir. Onlar şəhərin qulaqlarıdır. Şəhərdə nə baş verirsə, yeni nə söz peyda olursa, birinci şoferlər eşidir və xəbər də məhz elə bu adamların versiyasında, təfsirində, şərhində şəhəri gəzir; şəhəri gəzə-gəzə ya lətifəyə dönür, ya nağıla, ya dəhşət filminə, ya da fantastik uydurmaya. Müasir şəhər folkloru sistemində taksi faktorunun rolu çox mühümdür. Onlar şəhər folkloru şəbəkəsini tənzimləyir, təzələyir, onun mütəmadi canlı qalmasının təminatçısı olurlar, hamının mifini və həqiqətini bilirlər.

Yaşlı bir taksi şoferi həmişə deyərdi ki, "şəhər qazandır, mən – çömçə". Qazanda nə qaynadığını birinci çömçə bilir, qazanın içilə birinci çömçə tanış olur. Hərçənd bu müqayisənin özü artıq folklor kökənlidir.

Taksilər şəhər folklorunun yaranmasında iştirak eləyə-eləyə özlərini də folklorlaşdırırlar. Bakıya keblər gətirdilər bənövşəyi rəngdə... Səhərisi heç kim onlara taksi, yaxud keb demədi, elə sadəcə, "badımcan" dedi. O dəfəsə görürəm ki, taksi şoferi maşınının arxa şüşəsinə iri çap hərflərilə "BADIMCAN" sözü yazıb yapışdırıb. Bu adı kim fikirləşib tapıb Bakı kebləri üçün, bilinmir: müəllif anonimdir, müəllif xalqdır, müəllif folklordur. Amma güman eləyirəm ki, taksi şofefrlərinin arasından kimsə bu oxşarlığı "kəşf edib" və Çin istehsallı ingilis keblərini azərbaycanlılaşdırıb, hətta bir az da qədeş söyüşü eləyib, "zimbala" kimi onu da Bakı folklorunda "Badımcan-maşın" kimi əbədiləşdirib.

Mayamidə keblər parıltılı yumurta sarısı rəngindədir. Görəsən, bu rəngli keblər Bakıya gəlsəydi, onlara nə ləqəb qoşacaqdılar: "CÜCƏXANIM"?!

1937.az

Tarix
2014.09.02 / 12:32
Müəllif
Aydın Talıbzadə
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla