Yuxarı

Bir siyasətçinin triumfu... - Ərdoğan

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey sadədir. Bu gün Türkiyədə bir qalib var. O da Rəcəp Tayyib Ərdoğandır. Türkiyənin sayca 12-ci prezidenti bunu nəinki gizlətməyə çalışmır, əksinə, böyük zallarda böyük çıxışlar edir, onu dinləyənlərə də qələbə impulsunu aşılamağa cəhd edir.

Amma insanlar bu impulsu qəbul etməyə hazırdırlarmı? Onlar özlərini qalib hesab edirmi? Bax, bu suallara cavab vermək hələ tezdir. Bir az gözləmək və yeni prezidentin planlarından agah olmaq üçün vaxt ayırmaq lazım gələcək.

Elə Rəcəp Tayyib Ərdoğannın özü üçün də sınaq dövrü başlayır. O, nə edəcək? Türkiyənin 12-ci prezidenti olmaqla kifayətlənəcək, yoxsa bu adamın hələ başqa planları da var?

İndi hamı üçün də olmasa, siyasi təhlilçilər üçün aydındır ki, prezidentin planları əhəmiyyətli dərəcədə növbəti parlament seçkisinin nəticələrindən asılı olacaq. Ona isə çox qalmayıb.

Ona görə də düşünürük ki, prezidentə qalib deməklə elə biz də bir az tələsmişik. O səbəbdən ki, ölkədə ən yüksək vəzifəyə də yetişmək güman ki, prezident üçün hələ tam qələbə demək deyil. Baxmayaraq ki, baş nazir kimi onun yardımçısı artıq sınanmış silahdaşı - Əhməd Davudoğlu olacaq...

Bununla Əhməd Davudoğlunu heç də aciz siyasətçi qismində təqdim etmək və bu adamın yeni prezidentin fonunda sezilməz olacağını iddia etmək fikrimiz yoxdur. Yadımıza gəlir ki, məşhur Wikiealks açıqlamalarında amerikalı həmkarları onu olduqca ağıllı və hətta bir az da təhlükəli adam kimi xarakterizə etmişdilər.

Amma Türkiyənin ali qanunu hələ dəyişməyib. Prezidentin bir o qədər də böyük səlahiyyətləri yoxdur. Belə bir vəziyyətdə Rəcəp Tayyib Ərdoğan kimi enerjili adam çox davam gətirə bilməz, o, mütləq səlahiyyətlərini artırmağa cəhd edəcək.

Amma böyük səlahiyyətlərə yol böyük də konstitusiya islahatlarından keçir...

Bu vaxta qədər Türkiyədə parlament üsul-idarəsi mövcud idi. Yeni prezidenti bu vəziyyət bir o qədər xoşlandırmır və o, bunu gizlətmir də.

Nə demək olar? Parlament və ya prezident üsul-idarəsi haqqında çox yazılıb, çox deyilib. Hər iksinin tərəfdarları da var, əleyhdarları da. Amma burada kiçik bir nüans var.

Dünyada prezident respublikası adlanan, amma çox avtoritar idarəçiliyə malik olan xeyli dövlət olub və indi də var. Yada salaq ki, Səddam Hüseyn, Hüsni Mübarək və onlarla bu adamlara bənzər başqa siyasi liderlər prezident adlanır. Amma parlament idarəçiliyinə malik olan və eyni zamanda da avtoritar siyasi sistemi olan ölkə demək olar ki, tapmaq mümkün deyil...

Hətta dünyada bir neçə konstitusiyalı monarxiya var ki, onlar da parlament respublikasıdır. Bu ölkələr monarxiyanın olmasına rəğmən istənilən demokratik dövlətə örnək ola bilər. Amma prezident respublikaları haqqında bunu demək olmur. Səbəbini də bir az əvvəldə dedik...

Ən əsası odur ki, Ərdoğan təbiətən də avtoritar adamdır. Bunu sübut etmək, bu fikri dəlillərlə təsdiq etməyə çalışmağa elə bir ehtiyac yoxdur. Siyasətdə Ərdoğan dövrü həm də böyük qalmaqallarla, böyük məhkəmə prosesləri ilə, həm də böyük, gurultulu həbslərlə yadda qaldı.

Bunlar bir tərəfə, məsələ tamamilə Ərdoğandan asılı olsaydı indi Türkiyə ictimaiyyəti sosial şəbəkələrə girişdən məhrum olacaqdı. O vaxt Ali Məhkəmə Türkiyədə müstəqil məhkəmənin olduğunu sübut edə bildi.

Elə indiki andiçmə mərasimi də az şey demir. Mərasimdə iki dövlət - Misir və İsrail təmsil olunmayacaq.

Tutaq ki, Misiri başa düşmək mümkündür. Bəli, bu ölkədə faktiki olaraq hərbi çevriliş oldu. Amma İsrail məsələsi mübahisəli olaraq qalır. Rəcəp Tayyib Ərdoğanın xarici siyasət doktrinasının əsas prinsipi "qonşularla sıfır problem" idi. Amma sıfır problem alınmadı.

Bu gün Türkiyənin İsraillə münasibətləri olduqca gərgindir. Əslində bu gərginlikdən baş açmaq da elə də asan deyil. Türkiyədə başa düşə bilmirlər ki, İsrail kimi kiçik dövləti özünün probleminə çevirmək, konkret olaraq heç nə edə bilməmək və yaddaşlarda "one minute" diplomatiyası ilə qalmaq regional güc mərkəzi iddiasında olan Türkiyəyə o qədər də yüksəklik gətirmir...

Amma nə etmək olar? Bu gün Ərdoğan özü üçün xəyali bir siyasi areal cızıb. O, bu arealda lider olmaq istəyir. Amma gəl, bir detalı unudur: onun da iddiaları elə Əbubəkr əl-Bağdadinin xəlifəlik iddiaları kimi, yumşaq şəkildə desək, bir o qədər də ciddi təəssürat oyatmır...

Tarix
2014.08.29 / 12:45
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla