Yuxarı

Övladların tərbiyəsi üçün 5 qızıl qayda - IV dərs

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizinçün "zövq" nə deməkdir? Geniş anlamda bu, yaxşı musiqi, film, geyim və s. ilə müasir "incəsənətin" aşağı səviyyəli məhsulları arasında dəqiq sərhədi müəyyənləşdirə bilmək bacarığıdır.

Daha dar mənada götürsək, buraya öz hərəkət və davranışlarımıza görə daşıdığımız məsuliyyət hissini, özümüzü aparmaq qabiliyyətini də əlavə edə bilərik. Övladınızın gözəllik, həyat tərzi haqqında düzgün anlayışı olmasını, incə və zərif ədalara yiylənməsini istəyirsinizmi? Qızıl kimi vaxtınızı boşuna xərcləməyin. Axı yaxşı zövq erkən uşaqlıq dövründə pöhrələnməyə başlayır. Bu, nəinki mümkündür, hətta lazımdır. Əks halda uşaq yeniyetməlik dövründə və daha sonralar valideyni xoşagəlməz sürprizlərlə üz-üzə qoya bilər.

Soruşa bilərsiniz: Bu, nəyə lazımdır?

Psixoloqlar əmin edirlər ki, düzgün tərbiyə, yaxşı zövq, xoşagələn ədalar övladınızı alkoqolizm və narkomaniya kimi həyatı məhv edən asılılıqlardan qoruya bilir. Bu ehtimal çox böyük əksəriyyətlə özünü doğruldur. Buna səbəb isə insanın daxili aləmi ilə həyatı zəhərləyən vərdişlər arsında birbaşa əlaqələrin olmasıdır. Odur ki, əgər övladınızın gələcəyi, onun sabah kim və necə olacağı sizi düşündürürsə, bu gün ona nümunə olmağa çalışın. Onun təkcə maddi tələbatını ödəməklə kifayətlənməyin, həm də daxilən zəngin olmasına çalışın.

1. Nəyi dinləyirik?

Daha çox hansı musiqiyə üstünlük vermək lazımdır? Çalışın ki, uşaqlarınız müxtəlif müsiqilərə qulaq assın: klassik musiqi, uşaq nəğmələri, xalq mahnıları, rok və texno musiqiyə... Ancaq bayağı və primitiv sözləri və melodiyası olan musiqini çalışın, imkan daxilində, az dinləsin: onların köməyi ilə yaxşı zövq formalaşdırmaq olmaz. Mahnı seçərkən mətnə çox həssaslıqla yanaşın: sözlər mənalı, melodiya isə maraqlı və rəngarəng olmalıdır. Klassik musiqi seçərkən uşaqlar üçün xüsusi işlənmiş disklərdən istifadə edin. Musiqini fon kimi də səsləndirmək olar: bu zaman isə uşaqla söhbət etmək, adi işlərlə məşğul olmaq, elə musiqini müzakirə etmək də olar: sürətlidir, həzindir, şəndir, kədərlidir və s. Musiqiyə qulaq asarkən uşağın reaksiyasını izləyin, xoşuna gəlirmi, ya yox. Zaman keçdikcə nəyi bəyəndiyini özü bildirəcək.

2. Nə oxuyuruq?

Mütaliə edən ailədə körpə də kitaba meyilli olur. Əgər uşaq kitaba qarşı laqeyddirsə, siz onunçün oxuyun (əvvəlki dərslərdə bu barədə bəhs etmişdik). Qoy hər axşam nağıl oxumaq vacib bir mərasimə çevrilsin. Bəlkə uşaq dinləməyi daha çox sevir. Eyb etməz, müasir texnologiyalar dövründə bu da pis deyil.

3. Hara gedirik?

Uşaqla birlikdə sərgi və ya tamaşaya getməyin vaxtı çatmayıbmı? İlk məsələyə - sərgi seçimi məsələsinə ağılla yanaşmaq lazımdır. Hər şeydən əvvəl uşaq üçün maraqlı olmalıdır. İndi interaktiv ekskursiyalar daha böyük maraq kəsb edir, burada material oyun formasında təqdim edilir. Əgər söhbət qalereyadan gedirsə, unutmayın, körpə çoxlu sayda tabloya fikir yetirə bilmir. Ən yaxşısı uşağın səviyyəsinə uyğun – heyvanlar aləminə, hərbi səhnələrə və təbiət təsvirlərinə həsr edilmiş 15 şəkil üzərində dayanmaqdır. Ən maraqlı seçim isə kukla teatrıdır. Ancaq burada da ifrata varmaq gərək deyil. Ayda bir-iki dəfə kifayətdir. Belə "ziyarətlər" toy-bayram kimi qarşılanır, daha cəza tədbiri kimi deyil.

4. Necə davranırıq?

Nə deyirlər desinlər, etiket qaydaları bağça və məktəbdə deyil, məhz evdə formalaşır. Valideyn uşağı ilk növbədə öz nümunəsində tərbiyələndirməlidir. Daha sonra bu barədə kitab və audio-video vasitələr köməyinizə gələ bilər. Hətta bu mövzudakı cizgi filmlərindən də istifadə etmək olar. Uşaq qonaq gedərkən, yemək stolu arxasında, nəqliyyatda, insanlarla münasibətdə özünü necə aparmağın lazım gəldiyini oyun vasitəslə də mənimsəyə bilər. Uşağın ictimai yerlərdə özünü necə aparmasını bütövlükdə müşahidə etmək, hətta əks cinsə qarşı mədəni münasibət baxımından da diqqətli olmaq lazımdır. Bəli, bəli, ən balaca oğlan uşaqlarına da qızlara yer verməyi, onları özlərindən qabağa buraxmalarını öyrətmək gərəkdir. Balaca xanımlarda da incə ədaların yaranmasına diqqət yetirin!

5. Nə geyinirik?

Uşağın yaxşı zövqünün olması geyimindən də bilinir. Təbii ki, paltarları valideynlər seçirlər, ancaq uşağın özünün də ən azından sevimli rəngləri olur. Qızlarda geyim zövqünü formalaşdırmaq daha asandır: gəlinçiklərə paltar seçin, birlikdə tikin, eskizlər çəkin və s. Oğlanlarla isə qəhrəmanların geyimlərini müzakirə edə bilərsiniz, onların fikrini soruşun, mağazada onların da seçiminiə şərait yaradın. Lakin bütün bunlarla yanaşı əgər özünüz dəbi izləmirsinizsə və səliqəsiz geyinirsinizsə, sadaladıqlarıımızın heç bir faydası olmayacaq. Çünki valideynlər ən xırda məsələlərdə belə körpələr üçün avtoritetdir.

Tarix
2014.08.24 / 19:57
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla