Yuxarı

Qəzaya uğrayan əlil arabaları

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün bunlar çoxumuza tanışdır. Bunları iliyinə, ürəyinə və çörəyinə qədər yaşayanlar da var aramızda.

Hər şey hər şeyin bitdiyi bir vaxtda başladı. Yəni biz ömrə "son"da başladıq. 90-cı illəri həyatımda "yoxsanıncı illər" hesab etmişəm həmişə. Baxmayaraq ki, bu, uşaqlığın son gecəsi idi. Amma uşaqlıq da getdikcə uzaqlıq oldu. Və "Toybox" oyuncaqlarını qurmağa çətinlik çəkən əllərə həyat bir anda gələcək qurmaq tapşırığı verdi. Beləcə, partaya yazdığımızı A+A=S yazısını da x+y=z əvəz elədi.

"Bəxtinizi bir daha sınayın"

Uşaqlıqda ən çox "Coca-Cola"nın qapağından çıxan "Bəxtinizi bir daha sınayın" yazısına inanırdıq. Bu sadəlövhlük deyildi. Sadəcə, o şablon söz bizim tuta biləcəyimiz son yer idi. Amma heç vaxt "Bəxtimizi bir daha sınamaq" bizə kömək olmadı. Vəziyyət o hal almışdı ki, qapağın altından o sözün çıxacağını bilsək də qapağı eşələyirdik. Artıq bizim bu sözə ehtiyacımız var idi. Sonra təqvimdəki rəqəmlər dəyişdi, qarmaqarışıq ikinci minilliyi üçüncünü minlillik əvəz etdi: 2000. Üçüncü minillik bizə üç ədəd sıfırla gəlmişdi. O da əliboş gəlmişdi üstümüzə. Sonra həyat təkcə "Coca-Cola" qapağına deyil, önümüzə də bu qanunu qoydu: "Bəxtinizi bir daha sınayın!" Amma artıq gec idi, ömrü ikinci dəfə yaşamaq olmurdu. İlk dəfə biz onda yapışdığımız son budağı da buraxdıq. Sonra bəzi yeniliklər oldu, nə bilim e, Qorxmaz Əlilinin "Ailə Sevinci" lotereyası zad çıxdı. O vaxt "ailə sevinci" anlayışı təkcə lotereya idi. Bəlkə də, elə lotoreyadakı rəqəmləri oxuya-oxuya atamın yaşındakı rəqəmlər dəyişdi.

Əlifbadan əvvəl oxunan kitab

Dünyada ən dəhşətli qoxu ac bir uşağın burnuna gələn yemək qoxusudur. Bir dəfə qonşudan qəşəng kələm dolması qoxusu gəlirdi. Gedib anamı bezdirdim ki, kələm dolması bişirsin. Anam "o yeməyi bişirə bilmirəm" deyib məni başından elədi. Əlac qaldı kulinariya kitablarına. Çoxunun yadına gələr, o vaxt "Sana" yağlarının maraqlı bir kompaniya başlamışdı. Nə bilim, 50-60 dənə sana etiketi yığıb gətirənə "Sana" kitabı hədiyyə edirdilər. Səhər tezdən etiket yığmaq üçün çıxırdım şəhərə. Uşaqlar futbol, "ortada qaldı", "yeddi şüşə" oynayanda mən etiket toplamaqla məşğul idim. Günə 2-3 sana etiketi toplaya-toplaya bir təhər lazım olan saya çata bildim. Sonra bütün etiketləri aparıb kitabı aldım. Sevincək qaçdım evə. Yox e, bu qaçmaq deyildi, uçmaq idi. Anama dedim ki, burda kələm dolmasının bişirilmə qaydasını yazıblar, öyrən bişir. Kitabı alıb vərəqlədi. Sonra məni qucaqlayıb ağlamağa başladı. Mən onda heç təsəvvür etməzdim ki, kələm dolması belə ağlamalı ola bilər. Səbəbini bilmirəm, anam kitabı alıb evdə gizlədi. Amma qardaşımla mən tapıb gizlincə ona baxırdıq. Bilmirəm... Hər gün o kitaba nə üçün baxdığımızı indi də başa düşə bilmirəm. O vaxt bizə "yeməklə doymayan yalamaqla doymaz"ı öyrətməmişdilər. Boş soyuducuya o qədər boş gözlərlə baxırdıq ki, gözlərimiz dolurdu.

Ömrü yaşamaq deyil, ömrü ölməkdir

Əvvəl valideynlərimiz bizim dünyaya gəlməyimiz üçün ayları yola verməyə başladı. Sonra biz məktəbin başlaması üçün tətili yola verməyə başladıq. Daha sonra istirahət üçün həftəni yola verməyin yollarını axtardıq. Sonra maaşın gəlməsi üçün ayı yola verməyi fikirləşdik. Bəla bunlar deyile... Bəla budur ki, indi ömrü yola veririk. Və bir də ayılıb görürük ki, biz həyatı yox, həyat bizi yola verir... Yola salır. Bəzən də ələ salır. Əşşi, nə edək, belədir də.

"Turbo" arabaları

İnsan taleyini ən yaxşı palçıqdan oyuncaq düzəldən uşaqlar yaşayırlar. Binamızın önündə palçıqla oynayan uşaqlar sonra binamızın sol tərəfində yerləşən qəbiristanlıqda atalarının məzar torpağı ilə oynamağa başladılar. Bu oynamaq deyildi. Bu oyun – torpağın üzünü cırmaqlamaq idi.

Hə, bir də "Turbo" saqqızları satılırdı. Əslində, məsələ saqqızda deyil, içindən çıxan maşın şəkillərində idi. İndi şəhəri dolduran maşınları o vaxt yalnız bu saqqızlarda tapmaq olurdu. Hərəmiz də özümüzə bir maşın seçmişdik ki, bəs, mən böyüyəndə bundan alacağam. Sonra vəziyyət bizim arzuladığımız kimi getmədi. Həmin uşaqlardan çoxunun atası müharibədən şikəst qayıtdı və onlar maşın əvəzinə atalarını əlil arabasına qoyub sürməli oldular.

...Sürülməmiş qəzaya uğrayan ilk maşınlar əlil arabalarıdır.

1937.az

Tarix
2014.08.20 / 16:41
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla