Yuxarı

Meracda Allah peyğəmbərə nə dedi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yol" arxetipini açımından

Yolla ilgili rəmzlərin yarımçıq siyahısı

"Yol" mədəniyyətlərin ən güclü arxetiplərindəndir. ("arxetip" o biri tipləri balalayan baş tipdir) Bu balalanmış tipləri sadalayım: "yola düşmək" ("səyahətə çıxmaq") "bir məkandan (tutalım, öz bədənindən, öz evindən, öz vətənindən) dişarı çıxmaq", "başqa (və ya yad) məkanın sınırlarından adlayıb içəri girmək", "yolu azmaq", "kəsə yolu tapmaq", "təhlükələrə düçar olmaq", "tanış olmayan aləmə düşmək", "qəribə olaylarla rastlaşmaq", "gecəyə düşmək", "başlanğıc və son mənzil", "gözləmək", "keçib getmək və ya keçib gedəndə tamaşa etmək".

Hegel idealizmini "yol"a düzəndə

Düşünək, azmı olur ki, mədəniyyət olayları yol "terminlərində", yol simvolikasında dərk olunur, duyulur, düzlənir? Elə birinci yada düşəni aydırım: Hegelin (əslində, Higelin) fəlsəfəsində İdeya öz içində bükülü olanları aça-aça "yola çıxır". Hər özündən tapdığı anlayış, qanun təbiətdə onlara uyğun nəsnələri tutalım, mineralları) yaradır. Beləcə, İdeya gəlib çıxır toplum anlayışına və bunun sonucunda toplum, cəmiyyət yaranır. İdeya bu səyahətində ordan-burdan keçə-keçə tamaşa etməklə məşğul olur. Təbiətdə yaratdıqlarına baxıb nəyi bacardığını seyr edir və bu onun özünü anlamasını zənginləşir. Toplum yaranandan sonra İdeya insanların (filosofların, sənətkarların, dinçilərin) düşüncəsi, seçdiyi ulusların ruhu vasitəsi ilə gerçəkliyi düşünüb anlayır və yaradır.

Gerçəklik başdan-ayağa onun düşüncəsindən və "əlindən" çıxır. Deməli, gerçəkliyi düşünəndə "əlindən" çıxanları, düşüncəsindən çıxanları düşündüyü üçün həm də Özünü düşünür. Ən nəhayət, Ruh fəlsəfənin "əli" ilə tapır ki, bütün başqa olan nəsnələrin hamısının kökündə, özülündə o Özü durur, çünki hər nəsnədə Ruh iştirak edir (yada salın "Quran" kəlamını: hər nə varsa, məhv olacaq, Onun Üzündən başqa). Deməli, İdeya hər nəsnədə Özünü biləndən sonra Özünə qayıdır.

Yola düşmüşdü başqa yana, gəlir çıxır özünə

Ancaq bu səyahətin bir xeyri olur. Səyahətin sonundakı İdeyanın "Öz"ü başlanğıcdakından qat-qat dolğun olur (səyyahlar da elə dəyişmirmi?!).

Təsəvvüfdə yol

Təxminən eyni motivlər daha öncə Əttar tərəfindən işlənmişdi. Məhəmməd peyğəmbər merac zamanı Allaha doğru səyahətə çıxır. Tanrı qatında Ona baxmağı gözləyəndə qeybdən səs gəlir ki, Məni özündən qıraqda axtarma, Mən elə sənəm. Özündə axtar məni.

Meracın bu versiyası başqa şəkildə Əttarın "Məntiq ət-Tayr" poemasının süjetində və ideyasında durur. Tanrı təcəllisini (parlayıb görüntüyə çıxmasını) bildirən Simurq quşunu görmək üçün quşlar səyahətə çıxırlar. Axıra 30 quş qalır. Simurq onlara görünmək üçün 30 təcəlli verir: hər quş özünü görür.

Əttarın yol, səyahət simvolikasında verilmiş bu sufi ideyaları Batı mədəniyyətinə yaxşı tanış idi. Həmin ideya Borxesin bir hekayəsində təkrar olunur. Onu da deyim ki, Andrey Tarkoviskinin "Stalker" filmi bu planda Əttarla yaman səsləşir. Orda stalker yazıçı və alimi olağanüstü (qeyri-adi) təsir gücü olan Zona ilə görüşə aparır və axırda onların hər ikisi yenə özləri özləri ilə qalırlar.

"Yol" bizlərdə

Yol simvolikası özünü güclü şəkildə Azərbaycan incəsənət tarixində də göstərir. Nizaminin poemalarında səyahət, yola çıxma strukturları hər yana səpələnib hadisələrin gəlməsinə, pisixoloji halların yaranmasına ayaq verir, yəni onların oluşması üçün strukturlar sərgiləyir.

Füzuliyə gələndə görmək olar ki, o, "Leyli və Məcnun" poemasının konstruksiyasını yol biçimində duymuşdu:

Düşdü səfərim diyari-dərdə,

Kimdir mənə yar bu səfərdə?

Hər kimdə ki, vardır istitaət,

Dərdü ğəmü möhnətü qənaət,

Oldur bu müsafirətdə yarım,

Zövq əhlinə yoxdur etibarım.

Çağımızın böhranlarından biri

Başlanğıcla son mənzil arasında məsafə göz qırpımında keçilirsə, yol strukturları sovrulub gedir və bunun sonucunda çox nəsnələrin dadı itir. Əgər biz hər an istədiyimizi tapsaydıq, yaşam tamını itirməzdimi? Pulun ləzzəti ilə bərabər əzabı odur ki, yola çıxıb gedərək tapılanları bir anın içində gətirir. Əvvəl-əvvəl bu, adamı mutlu edir. Ancaq sonra belənçi tez bazarlıq, becidlik adamı üzür.

Çağımızdakı Uyqarlıq yol simvollarından yaxşı istifadə edir. Realiti-şoular, çempionatlar son nəticəni yolun axırında verməklə ləzzət yaradır. Ancaq o biri yandan, Çağdaş Uyqarlıq düymələrin, qısa yolların mədəniyyətidir.

Biz pultun düyməsini basmaqla həməncə kanalları dəyişirik, yarımfabrikatlarla biş-düşü qısaldırıq. Çağımızda, on beş yaşlıları demirəm, otuz-60 yaşlıları deyirəm, bu adamlar üçün musiqi dadını-tamını itirib. İnternet istənilən musiqini həməncə otağımıza, maşınımıza gətirir. Hər yerdə musiqi olan toplumda musiqi Çin malı kimi ucuzlaşmırmı? Bax bu anlamda deyirəm, bayaqdan ləzzətlə anlatdığım "Yol" fenomeni çağımızda zəifləyə-zəifləyə psixoloji böhran yaradıb.

1937.az

Tarix
2014.07.30 / 17:15
Müəllif
Niyazi Mehdi
Şərhlər
Digər xəbərlər

İslamın ən ciddi problemi müsəlmanlardır

Balaca adamın böyük görünmək effekti

Dahiliyə yaxınlaşmış adam

İblisanə güclər

“Şok! Şok! Şok!”

Şüurun heç nəliyindən

Demokratiya nəyi dağıdır?

Dində islahatlara qarşı

İbadətin “qıl körpüsü”

Ateistə cavab: Atın dini olsaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla