Yuxarı

Şəhid atası: “Səhnədə şəhid atası rolunu oynamaq istərdim”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Azərbaycan Akademik Milli Dram teatrının aktyoru, Respublikanın Əməkdar artisti Firuz Xudaverdiyevin "Gerçəkləşməyən arzular"ına işıq tutmaq istədik. Bu günlərdə 75 yaşını qeyd edən aktyorla telefon əlaqəsi yaratdıq. Vədələşdik və redaksiyada görüşdük. Nəvəsi Zəhra ilə gəlmişdi.

20 il əvvəlin Firuzu

- Firuz müəllim, necə varsız, səhhətiniz necədir?

- Şükür Allaha, hələ elə bir şikayətim yoxdur. Yaşayırıq da...

- Elə bil yenə də səhnədəsiniz. Səmimi söhbət etmək istəyirəm, ötənlərə, bu günə gətirib çıxara bilmədiyiniz günlərə qaytarmaq istəyirəm sizi. O ki qaldı şikayətinizin olmamasına, düşünürəm, gileylənməyə də nə isə tapa biləcəyik.

- Siz bilərsiniz. Qaldı səhnədə olmağıma, həyat özü elə səhnədir, baxır kim necə oynayır.

- Firuz müəllim 75 yaşınız oldu. Sizə bu yaşı vermək olmur. Elə bil, 60 yaşınız var.

- Mövsüm sonu "Xanumana" tamaşasını oynadıq. Tamaşadan qabaq Firəngiz xanım Mütəllimova da teatra gəlmişdi. O da belə dedi: "20 il əvvəl Firuzu necə görmüşüksə, elə indi də o cür qalıb".

Xuruşşovun tələbi

- Siz elə o teatrda işləmisiz ki?

- Mən institutu 1969-cu ildə bitirmişəm. Nemət Paşa ilə, Tariyel Vəliyevlə oxumuşam. 1958-ci ildə Xuruşşovun qanunu vardı ki, 2 il iş stajı olmayanlar Ali məktəbə sənəd verə bilməz. O vaxt da işlər o qədər çətin idi ki. İş çox idi, amma indiki kimi deyildi. Lökbatanda yaşayırdıq, mən babat bir işə düzəldim.

- Lökbatanlısız demək?

- Yox, əslim Qobuludur. Atam o vaxt bizi Lökbatana gətirdi ki, burada məktəb var, uşaqları oxuda bilsin. Mən ilk olaraq indiki Mədəni Maarif Texnikomunu bitirmişəm, sonradan isə institutda oxudum.

- Uzun müddətdi səhnədəsiz. Eşitdiyimə görə, xalq teatr qruplarına rəhbərlik də etmisiniz.

- Əvvəllər müəllimlər evində işləmişəm. Orada teatr dərnəyim vardı. Sonra Xətaidə xalq teatrında , Maliyyə-kredit Texnikomunda qruplarım olub.

Fəzail Ağamalının teatrı

- "Müəllimlər evi" yadıma gəlir, sonra orada siyasi təşkilat yerləşdi.

- Hə, "Müəllimlər evi"ni Ana Vətən partiyası aldı. Partiyanın sədri var e... deputat idi...

- Fəzail Ağamalı.

- Hə, o mənə dedi ki, əşi səni həmişə burada görürəm, gəl, bizim partiyanın nəzdində bir xalq teatrı yarat, seçkiöncəsi təbliğat kampaniyasına başlayanda seçicilərə tamaşa da verərsən. Razılaşdım, əvvəl partiyada da işlədim. Sonradan yavaş-yavaş uzaqlaşdım oradan.

- Niyə? Yola vermədi? Ya dedi, partiyanın üzvü olun...

- Arıq oğlan vardı onun yanında, sonradan o da deputat oldu... Unutdum adını.

- Zahid Oruc.

- Bir dəfə Zahid müəllim mənə dedi ki, bəs deputat seçkisidir. Hər kəs imza vərəqələrini götürüb doldurtdursun. Dedim ki, orada 50 imza yeri var, mən o qədər adamı haradan tapım. Uzaqlaşdım oradan...

Qızı Şəkidən qaçırdım

- Firuz müəllim, illərdi ki, səhnədəsiniz, amma nədənsə sizə böyük rollar vermirlər, niyə? Adamınız yoxdur?

- Mən institutu bitirən il üç teatr açıldı. Mingəçevir, Sumqayıt və Ağdam teatrları. Mən Mingəçevir teatrında işlədim. Orda mənə ev də verdilər. Belə oldu ki, orda ailə qurdum, orda yaşayası oldum. Rəhmətlik yoldaşım Şəkidən idi. Qızı vermədilər. Getdim onu qaçırtdım, gətirdim Bakıya. Sonra yenidən Mingəçevirdə yaşadıq, işlədik. Orada böyük rollar oynamışam. Özü də Mingəçevir teatrında ilk ali təhsilli aktyor mən idim.

1976-cı ildən gəldim Bakıya. Azdrama da işlədim. Tofiq Kazımovun vaxtından çox tamaşalarda oynamışam. İndi rol bölgüsü başqa cür olub. Həm də indi bizdə demək olar ki, rejissor da qalmayib. Gərək rejissorlarla münasibətin ola ki, sənə rol verələr.

Yaltaqlana bilmirəm

- Bəs siz niyə rejissorlarla münasibət qura bilmirsiz? Aranı sazlayın, sizə

də rol versinlər...

- Mən heç kimlə düşmən deyiləm. Hamı ilə münasibətim var. Bir xasiyyətim var ki, yaltaqlana bilmirəm.

- Deyirsiz, yəni teatrınızda yaltaqlar da var?..

- Hər yerdə hər cür adamlara təsadüf oluna bilər. Bizim teatrda qaymaqlar çoxdur.

- Son tamaşaya baxdım. Mənə elə gəlir ki, siz orada tacir rolunu daha yaxşı oynaya bilərdiniz.

Mən daha yaxşı oynayardım

- Əlbəttə ki. Mən əslində knyazın köməkçisi rolunu istəyirdim oynayam. Yaxşı da oynayardım. Amma verdilər Ələsgərə.

- Ələsgər məgər pis oynadı ki? Yaxşı oynadı məncə.

- Hamı yaxşı oynadı. Amma mən həmin rolu çox gözəl oynayardım.

- Rejissor kim idi?

- Mikayil. Aktyorlar Mikayılın dostu, tanışı olduğuna görə rolun bölgüsünü apardı. Yaxşı aktyor heç vaxt minnət eləməz rejissora.

Nə mükafat alıram, nə də şəhid atası kimi...

- Belə çıxır, teatrda sizə qarşı ögey münasibət var...

- Mən şəhid ailəsiyəm. Oğlum teatrdan cəbhəyə getdi, şəhid oldu. Oğlumu Mehdi Məmmədov işə götürmüşdü. Onda o, hələ balaca uşaq idi. 22 yaşında Füzulidə şəhid oldu. Şikayət eləmirəm. Mənim yerimə kim olsaydı, şikayət eləyərdi. Mən nə mükafat alıram, nə də məni nəyə isə təltif edirlər. Nə edim axı, etməyiblər də.

- Niyə? Baxın, sizin 75 yaşınız var. İndiyə kimi bir titul da verilməyib.

- Mənə Heydər Əliyev özü vermişdi Əməkdar artist adını. Bir də təltif olunacaqdım, amma nazirlikdən adımı silmişdilər. İstək olmayanda bəhanələr çox olur.

- Deyirsiz ki Mingəçevirdə sizə ev verdilər. Bakıya gələndə onu təhvil verdiniz?

- Hə. Sonra gəldim növbəyə yazildim. Rəhətlik Tofiq ölməsəydi, mən ev alacaqdım.

- Kollektivdə sizi istəməyənlər var?

- Vallah, hamı adamın üzünə gülür. Əsas rəhbərdi.

- Arzunuz olubmu ki, çox tanınan, çoxtitullu aktyor olasınız? Bu arzular hara qədər gəldi? Gerçəkləşdimi arzularınız?

- Arzular sonsuzdu. Amma ki, nisbi məsələsi var da.

Nazirliyin 300 manatı

- Xalq artisti olmaq istərdinizmi?

- Əlbəttə. Baxıram, görürəm ki, məndən sonra gələn cavanlar titul alır, ev verilir. Yubileydən 2 gün sonra Ədalət Vəliyev məni qəbul elədi. Təbrik etdi, dedi ki, nazirlik sənə 300 manat mükafat yazıb. Soruşdum bəs mükafat, ad? Bir il qabaq da demişdim. Dedi ki, düzələcək. O mükafatı verirlər may ayında. Martda beynəlxalq teatr günüdür.

- Teatrı başa düşdük. Bəs şəhid atası kimi?..

- Ayda 100 manat alır qızım. Ya ana, ya da bacı almalıdır şəhidin qan pulunu. Əvvəllər yoldaşım alırdı. 2008-ci il də o, rəhmətə gedəndən sonra qızım alır.

- Siz kirayədə qalırsız. Teatr işçilərinə də ev verilir axı.

- Mənim 4 otaqlı evim vardı. Onu satdım, 3 uşağa da ev aldım. Özüm də kirayədə qalıram.

- Ola bilsin rejissor sizi tanımır.

- Əşi, tanıyırlar. Oturub çay da içirik, çörək də yeyirik. Elə olur bir adam üç rol aparır.

- Xalq artisti və Əməkdar artistlərin maaşları arasında fərq var?

- 150 manat. Hidayət Orucov Ədalət Vəliyevin dayısıdır. Mən 36 il əvvəl bura gələndə o, adi fəhlə işləyirdi. Amma indi, "zamministdir" də!

Rejissor direktoru, direktor rejissoru göstərir

- Firuz müəllim, 75 yaşınız var. Özünüz də bilirsiniz ki, başqalarına olan münasibət sizə qarşı yoxdur. Nəyə görədir axi? Nəyi gözləyirsiniz və gözlədiyinizi ala bilmirsiz? İstəyirəm bunu deyəsiniz.

- Gözləmək deyəndə ki, mən rejissorlarla danışanda, deyəndə ki, mənə rol verin, deyirlər, biz rol bölgüsü eləmirik, get, direktorla danış. Direktor da rejissorların rolu böldüyünü deyir. Mən çox rolda oynamışam. Məni Maqbet Bünyadov belə elədi. Daim sıxışdırdı məni. Yaxşı adam deyildi...

- Bəs ən çox hansı rolu oynamaq istəmisiniz? Hansı rol ürəyinizdən keçib?

- İstəyərdim ki, şəhid atası rolu, yaxud da gözəl bir komediya rolunu oynayam. İçimdə hələ də o həvəs ölməyib. Kamal Abdulla Mədəniyyət fondunda işlədiyi zaman "Sönməyən ulduzlar" teatrı açmışdı. O zaman Vidadi rolunu oynadım. İstədim burda da oynayam, amma vermədilər. "Dirilən adam"da da oynamışam.

Mərahimdən rejissor çıxmaz

- İndi özünüzü səhnədə necə hiss edirsiniz? 75, ya 57 yaşlı?

- Bu günə qədər özümü səhnədə çox yaxşı hiss eləyirəm. Yetər ki, mənə rol versinlər. Məsələn, rəhmətlik Əlabbas Qədirov mənim xətrimi çox istəyirdi. İndiki direktorumuz İsrafil İsrafilovdan da razıyam. Əsl ziyalıdır. Kobud adam deyil. Amma rejissorlar mənə ürəyim istəyən rolu vermirlər. Paxıllığımı çəkənlər də var. Bir dəfə bir tamaşada Bəsti Cəfərova ilə tərəf müqabili idim. Həmin tamaşanın məşqi zamanı bir improvizə etdim. Bəsti dünyanı dağıtdı. Rejissora dedi ki, məndən rolu alsınlar, ya da həmin yeri çıxarsınlar. Nədir-nədir, həmin replika tamaşaçını sevindirə, güldürə bilərdi və mən alqışlana bilərdim. Rejissor Mərahim Fərzəlibəyov idi. Ona dedim, nə olub axı, niyə onun sözü ilə oturub durursan? Dedi, o Xalq artistidir, həm də bizdən inciyər. Elə ona görə də Mərahimdən rejissor çıxmadı...

Tarix
2014.07.27 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla