Yuxarı

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Yağmurun qonaqları rubrikasının qonağı Firudin Cəlilovdur. Azərbaycanın problemlərinin kökünü araşdırdıq və qərara gəldik ki...

... Məncə, gerisini oxuyub bilək.

- Firudin bəy, bu ölkənin vətəndaşı kimi özünüzü necə hiss edirsiniz?

- Yorğun.

- Bir anlıq təsəvvür edək ki, Azərbaycan indiki kimi deyil, bölünməyib, didik-didik deyil, onda sizcə fərqli olardımı hər şey?

- Əlbəttə... Azərbaycan tarix boyu dünya mədəniyyətinə böyük töhfələr vermiş bir məmləkətdir. İlk əkinçilik, heyvandarlıq, atçılıq, ilk kurqanlar, ilk təkər-araba burdan Avrasiyaya yayılıb, bunu qədim dünya tarixi ilə məşğul olanlar yaxşı bilir. Mən "bura" deyəndə Bütöv Azərbaycanı, parçalanmamış Dərbəndli, İrəvanlı, Kərküklü, Həmədanlı Azərbaycanı nəzərdə tuturam.

Son 200 ildə bu ölkənin tikə-tikə parçalanıb başqa dövlətlərin tabeliyində olması öz acı nəticələrini verdi: qohum-qardaş bir-birindən ayrı düşdü, xalqın dilinə, mədəniyyətinə qarşı planlı-proqramlı şəkildə aparılan əks təbliğat, bizi min il öncə bura gəlmiş köçərilər kimi təbliğ edən tarix kitabları bu illər ərzində öz işini gördü, hətta içimizdə bu siyasətə dəstək verənlər yetişdirildi və biz belə bir durumda gəlib bu günlərə çatdıq. Heç olmasa, demokratik prinsipləri üstün tutan, hətta bir çox ölkələrdən daha öncə qadınlara seçim hüququ vermiş 1918-də qurulan dövlətimiz yaşasaydı, indi demokratiyanın carçısıymış kimi sinəsinə döyən Avropa ölkələrindən çox qabaqda idik.

Günahı xalqın ayağına yazıb kənara atmaq olmaz

- Sizcə, bir xalqa keyfiyyətsiz damğası vurub bir kənara atmaq olarmı?

- Bu, tanrıya qarşı çıxmaq olardı, çünki Uca Yaradan fərq qoymadan bütün insanları, bütün xalqları eyni biçimdə yaradıb. Ən doğru yol da budur, biz də xalqlara bu cür baxmalıyıq, istər sayı az olsun, istər milyonlarla olsun. İcazənizlə, bu günlərdə çapdan çıxmış kitabımdan bir örnək verim: "Başqa-başqa dillərdə danışan avtoxton və gəlmə xalqların çoxdan doğma yur­duna çevrilmiş Azərbaycanın gözəlliyi bu xalqların özəlliyində daha yaraşıqlı görünür, sayından asılı olmayaraq, hər bir dilin daşıyıcıları gözəlim Azərbaycan bağı­nın ayrı-ayrı ətirli gülləridir. Xalqların böyük-kiçi­yi olmur, uzaqbaşı sayı az, ya çox olur. Mənim düşün­cəmə görə, ən azsaylı xalq daha böyük qayğı və hör­mətə layiqdir. Təkcə Xınalıq kən­­din­də danışılan xınalıq dili nəinki Azər­bayca­nın, bütün Yer kürəsinin bən­­­zərsiz ne­mə­tidir".

Məncə, tanrının yaratdığı xalqlara, həmçinin öz xalqımıza bu baxışla baxmaq lazımdır, əgər bir xalq yolunu azırsa və ya içində manqurtlar yetişirsə, bu, xalqın yox, onu belə yaşam durumuna salan böyük güclərin, dövlətlərin əməlidir. Son əsrlərdə tarixi kökündən qoparılmış bizim xalq da bu taleyi yaşadı, kənar güclərin təsirilə qorunma instinktini, təpərinin itirdi, öndə gedib xalqı bu durumdan çıxarmalı olan aydınları da cılızlaşdı. Ona görə də günahı xalqın ayağına yazıb kənara atmaq olmaz.

Məsələni ordu həll edir

- Elə isə, onda niyə özümüz haqında bu qədər qəddarıq biz, yoxsa elə qiymətimiz budur, doğrudan da torpağı və haqqına sahib çıxa bilməyən bir millətik?

- Yenə deyirəm, millətin günahı yoxdur. Əgər söhbət torpaqdan gedirsə və Qarabağı nəzərdə tutursunuzsa, buna bir açıqlıq gətirim. Çağdaş dünyada belə torpaq davası üç mərhələli olur. Birinci mərhələdə alimlər, əsasən tarixçilər həmin münaqişəli bölgənin kimə məxsus olması üzərində işləyir, arayışlar, kitablar yazırlar. İkinci mərhələdə hər tərəf əldə olunan tarixi bəlgələri, kitabları diplomatlara, siyasətçilərə verir, onlar da bunu gərəkli görüşlərdə, danışıqlarda, toplantılarda təbliğ edir, məsələ bu yolla həllini tapmayanda üçüncü mərhələ başlayır. Məsələni ordu həll edir. İndi bunu Qarabağ məsələsinə gətirək, birinci mərhələdə illərlə erməni tarixçiləri saxtakarlıqla hazırladığı tarix tezislərini diplomatlarına verəndə bizimkilər yatmışdı, erməni diplomatları dünya mediasında at oynadanda xarici ölkələrdə lobbi quranda bizimkilər bir-iki şüarla işini bitmiş saydı, üçüncü mərhələdə də rusu arxasına alıb nəinki Qarabağı, ətraf rayonları da tutdular. Mənə deyin görüm, hər üç mərhələdə uduzduqsa, burada xalqın günahı nədir?

Eyni ssenari, eyni olay, arxasında Rusiya...

Bu gün Ukraynada baş verən olaylar eynilə 25 il öncə bizdə sınaqdan keçirildi. Eyni ssenari, eyni olay, arxasında Rusiya... Dağılmaqda olan SSRİ-ni saxlamaq üçün dağıdıcı dalğanın Qarabağa, Bakı qırğınına yönəldilməsi, indi də dağılmaqda olan Rusiyanın xilası Krım və başqa bölgələrin işğalı ilə təkrar olunur. Məni narahat edən bu olayların ölkəmizə sızdırıla bilməsidir, ona görə də indi daha ayıq olmalıyıq, Vətən məsələsində hökumət də, siyasi partiyalar da bir cinahda olmalıdır.

Güneydə olan milli ovqat bizdən daha artıqdır

- Siz Güney Azərbaycan məsələsi ilə yaxından maraqlanan və bu sahədə ardıcıl fəaliyyət göstərən bir alimsiniz. Heç bir dəfə də olsa düşünüb hansısa qərara gəldinizmi ki, Azərbaycanın güneyi ilə qüzeyində yaşayan insanların psixologiyası, ya da məsələn, cəsarəti fərqlidir. Hərdən mənə elə gəlir ki, eyni millət, eyni məmləkət olsaq da, fərqliyik.

- Fərq var və olmalı idi, çünki ayrılandan sonra iki fərqli rejimdə yaşamışıq, ancaq dilimiz, milli gələnəklərimiz, qohumluq bağları qan yaddaşımızdan silinməyib, bu müddətdə 5-6 nəsil dəyişsə də, mənəvi birliyimizi saxlaya bilmişik. Bizim müstəqil dövlət qurmağımız onlara da ruh verdi, indi güneydə olan milli ovqat bizdən daha artıqdır.

İçimdə üsyan yoxdur

- Sizi hər zaman sakit və təmkinli görürük, beləsiniz, yoxsa zahirən belə görünür, bilmirəm, amma hər insanın içində üsyan var. Ən çox nəyə üsyan edirsiniz?

- Necə görünməyimi mən bilmirəm, bunu kənardan görənlər bilər. İçimdə üsyan yoxdur, bir acı nifrət var riyakarlığa.

Dövlət bu sahəyə arxasını yox, üzünü çevirməlidir

- Yadımdadır ki, təhsil naziri dəyişəndə demişdiniz ki, təzə təyin olunmuş nazir istəsə də, bir iş görə bilməyəcək.

- Vaxtilə biz qəbul imtahanlarındakı rüşvətin yolunu test üsulu ilə kəsdik, indi hökumət də müxtəlif qurumlarda rüşvətə yol açan süründürməçiliyin yolunu Asan xidməti ilə bağladı. Deməli, toplumu rüşvətdən xilas etmək mümkündür. Ancaq təhsil sistemi dövlətin ən strateji sahəsidir, dövlət bu sahəyə arxasını yox, üzünü çevirməlidir. Yeni nazir də bu sahədə bir sıra addımlar atıb, müsbət yeniliklər edib, amma sistemi dəyişməyə bir nazirin gücü çatmaz, burada ciddi dövlət proqramı olmalıdır. Yaponiya kimi təhsil sisteminin sonucu olan inkişaf etmiş ölkələrdə verilən təhsil bu günə yox, gələcəyə hesablanır, əgər biz də sistemi dəyişmək istəyiriksə, tədris ocaqları yeni proqramla savadlı, ədalətli, dürüst, vicdanlı, ölkəsini, xalqını, dövlətini sevən, bayraq, gerb, himn, əlifba, dil, ordu kimi qutsal dövlət atributlarına sayğısı olan gənclik yetişdirməliyik. Göründüyü kimi, sadalanan bu örnəklərin bir sistemə yansıması o qədər də asan məsələ deyil, çünki təhsil sistemində dəyişiklik bağçadan tutmuş akademiyaya qədər bütün sahələri, üstəgəl gərəkli fənləri, dərslikləri də əhatə etməlidir. Ən azından, reformlara başlamaq üçün bu gün Pedaqoji Akademiya yaratmaq vacibdir, bunu 25 ildir deyirəm.

Kaş həmin öngörülər gerçəkləşməyəydi

-Tutaq ki, illər keçdi, Azərbaycandakı durum dəyişmədi. Bu durum bizi hara aparacaq?

- Özünüz də deyirsiniz ki, mənim proqnozlarım doğru çıxır. Mən də təəssüf edirəm ki, bunlar doğru çıxır, kaş həmin öngörülər gerçəkləşməyəydi. Ancaq indi verəcəyim proqnozun sonucda doğru olması üçün tanrıma dua edirəm, çünki sizin dediyiniz on ildən sonra yox, yaxın illərdə Azərbaycanın yeni yüksəliş çağını görürəm, bu görücülük deyil, proqnozdur. Hər bir toplumun, xalqın yaşamında qalxan və enən təpər qüvvəsi olur, elmi dillə desək, sosial toplumda sinergetika qanunu işləyir. Dünyada gedən proseslər göstərir ki, yumruq kimi birləşməsək, qlobal sosial katastrof bizdən də yan ötməyəcək, amma o ağrılı-sancılı dönəmi keçəndən sonra tanrının bizə bəxş etdiyi bu gözəl ölkədə yüksəlişə doğru böyük dəyişikliklər olacaq, bizim kimi ermənilərə də kənardan sırınmış Qarabağ problemi çözüləcək.

Türkiyəyə gedib oradakı tədris ocaqlarını araşdırdım

- Bu gün Azərbaycanda nurçulardan çox adam danışır. Siz açıqlamalarınızdan birində bildirmisiz ki, təhsil naziri olanda Qafqaz Universitetinin açılmasına belə, izn verməmisiniz...

- Dövlət quruculuğuna yenicə başlamışdıq, hər sahədə həssas olmalı idik. Baş nazirin müavini kimi öz sahəmə aid işləri dəfələrlə ölçüb-biçəndən sonra qərar verirdim. Bunların da dindar adı ilə gəlib iqtisadi sahələrə girdiyini, çox çətinliklərə dözdüklərini və gerçəkdən xalqa xidmət etmək istədiklərini bilirdim, əslində, bu qurumun alt qatında olanlar özləri də buna inanırdı və hələ də inanırlar. Ancaq dediyim kimi, biz həssas dönəmdən keçirdik, yanlış addım atmağa mənəvi haqqımız yox idi, bunun üçün Türkiyəyə gedib oradakı tədris ocaqlarını araşdırdım və məsələnin kökündə çox ciddi məqamlar olması qənaətinə gəldim.

Onların mənim məsləhətimə ehtiyacı yoxdur

- Sizcə, nurçuların Azərbaycan üçün yarada biləcəyi təhlükə nədir?

- Bilirsiniz ki, siyasətdən uzaqlaşmışam, nurçularla bağlı Türkiyədəki son olayları da izləmirəm, ancaq qəti bildiyim bir şey var, o da yuxarıda dediyim məsələdir. İstər Türkiyə, istər Azərbaycan olsun, bu ölkələri içəridən yıpratmaq, vaxtı gələndə hakimiyyətə təzyiq edə bilmək üçün eyni ssenarilər yazılır, fərqli aktyorlar oynadılır. Əzizim, bir dəfəlik bunu anlamaq lazımdır ki, adı işıqçı, nurçu, yaşılçı nə qoyursan qoy, fərq etməz, əsas məqsədləri nədir, onu bilmək gərəkdir, bunlar niyə yuxarıda dediyim manqurtları içəridə yetişdirir, bu qurumların arxasında hansı xarici qüvvələr var, bax, bunları bilmək lazımdır. Ucdantutma hamıya nurçu damğası vurmaq olmaz, əsas missionerlərlə də dövlət məşğul olmalıdır, onların da mənim məsləhətimə ehtiyacı yoxdur.

- Yaşınızın müdrik vaxtına çatmışınız. İndi arxaya baxanda nəyi düz etmədim deyib, nələrin acısını çəkirsiniz, şəxsi olmaya bilər, ictimai və siyasi işlərdən danışıram.

- Şəxsi həyatımda o qədər səhv, günah etmişəm ki, onun acısını həmişə çəkmişəm, ancaq siyasi-ictimai yöndə əgər Vicdan məhkəməsi qurulsa, hakim qarşısında "suçlu deyiləm" deyə biləcək qədər alnım açıqdır.

Tarix
2014.04.24 / 00:25
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla