Yuxarı

“Səməd Vurğun”un başına yığışan qədim peşə sahibləri

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu haqda yazmaq ürəyimcə olmasa da, yazmamaq da mümkün deyil. Qədim peşə sahiblərinin günün istənilən vaxtı bu bağa toplaşması və müştəri ovuna çıxması diqqətdən kənar qala bilməzdi. Köhnə tanışımın gileyi də bu mövzuya müraciət etməyimə təkan verdi:

- İnan, oturub nəfəs dərmək olmur. Adama elə baxır, elə təkliflər edirlər ki... bu yaşımda özümü çox pis hiss edirəm.

Köhnə tanışıma, yaşı 70–i haqlamış Əhmədağa kişiyə:

- Qocalıq öz işini görür, – deyib zarafat etsəm də, dediklərini qəribçiliyə salmadım.

Ta sovetlər zamanından bu bağın – Xalq şairi Səməd Vurğunun adını daşıyan parkın həndəvərində dolanan yüngül həyat tərzi keçirən qadınların olması heç kəsə sirr deyil. Müstəqillik dönəmində də bu məkan özünün ampluasındadır. Parkda bir-neçə dəfə əsaslı təmir işləri görülüb, köklü dəyişiliklər baş versə də, haqqında bəhs etdiyimiz adamların ayaqlarını buradan kəsmək mümkün olmayıb. Yolumu şairin adını daşıyan parkdan saldım.

Qadınlar parka gəzməyə çıxan kişiləri...

Axşam üstüdür. Parkda əyləşib ətrafı seyr edirəm. Köhnə tanışımın dediyi mənzərə gözümün önündədir. O qədər də gözəl olmayan, çirkli sifətlərinə ənlik-kirşanı aşırı yaxmaqla daha da bayağılaşan bu qadınlar parka gəzməyə çıxan kişiləri baxışları ilə qarşılayıb, elə baxışları ilə də yola salırlar. Uşaqlarını, nəvələrini parka gəzdirməyə gətirən şəhər sakinlərinin də bu mənzərəyə ikrah hissi ilə yanaşmaları göz önündədir.

Dodaqları ürək bulandıracaq qədər

Ayağımı ayağımın üstünə aşırıb özümü fikirli, qayğılı göstərirəm. Üst-başıma əl qatmışam, köynəyimin ətəyini şalvardan çıxarıb, gödəkcəmin boyunluğunu qaldırmışam. Kimsəsiz, köməyə ehtiyacı olan nabələd adam görkəmim ətrafdakı insanların mənə yazığı gələcək qədərdir. Çox keçmir, tum çırtlayan, yöndəmsiz, qarnı sallaq, boyalı sifəti və dodaqları ürək bulandıracaq qədər olan bir qadın mənə yaxınlaşır. Nəzakətlə: "burada otursam, mane olmaram ki?" - deyə icazə alır. Bir qədər də kənara çəkilirəm:

- Otur, dədəmdən qalmayıb ha, – deyib özümü yontalanmamış biri kimi göstərirəm.

Oturur, məni yanpörtü süzür, gödəkcəsinin cibindən tum çıxarıb mənə də təklif edir:

Qıjılıq eləmə...

- Xanımla o cürnə danışmazlar. Deyəsən heç qadın, məclis, kulturnu yer görməmisən, - deyir.

Tumdan götürürəm.

- Niyə görməmişəm? Hər tərəf qadın deyil? Biri elə sən...

Sarı saçlarını qulaqlarının ardına daraqlayır, qəribə bir təbəssüm var çöhrəsində. Tumun qabıqları ağzının künclərinə yapışıb qalıb. Əlinin içi ilə ovurdunu silir:

- O mənada demədim. Qadınla danışmağı öyrən. Qıjılıq eləmə...

Mən isə "qıjılığımdayam":

- Qadınla hansı dildə danışmalıyam ki? Guya məni başa düşmürsən?

- Adam tanımadığı xanıma "siz" deyə müraciət edər. Mən səni başa düşürəm e, sən məni başa düşmürsən, – deyir və məni öyrənirmiş kimi yenidən təpədən dırnağa qədər süzür.

Dinmirəm. Dərindən ah çəkirəm. Bu ahdan sonra diqqəti bir qədər də üstümdə cəmləyir. Əlimi cibimə salıram. Pulumu çıxarıb sayıram və təzədən cibimə qoyuram. Sezdirmədən müşahidə edirəm. Hiss edirəm ki, o da pulumu sayır. Kimliyimi, haradan gəldiyimi soruşur. Rayonlu olduğumu, oğlumun əsgərlik məsələsini danışmağa gəldiyimi, bir nəfərin elə buradaca pulumu alıb getdiyini və iki gündür onun yolunu gözlədiyimi deyirəm. Təhər-töhrünü soruşur. Deyirəm. Cibindən mobil telefonunu çıxardır. Kiməsə zəng vurur. Xəttin o başındakı adamın sözləri aydın olmasa da, səsi eşidilir. Qadın ona uzaq qohumunun pulunun aldadılaraq əlindən alındığını deyir və xahiş edir ki, kömək etsin.

- Qalmağa yerin varmı? Bəs harada qalırsan? Sir-sifətindən yalan danışana oxşamasan da, aldanana da oxşamırsan...

- Yox, qalmağa yerim yoxdur. İki gündür vağzalda yatıram.

Mənə bu istiqamətdə də yardımçı ola biləcəyini deyir. Söhbətə girişirəm.

Ay bədbəxt, iki gündür səni...

Qadınlarla maraqlanıram.

- Ürəyindən keçir? Təşkil edə bilərəm...

Çiyinlərimi çəkməklə razılığımı bildirirəm. Bir az da utancaq görkəm alıram:

- Kənddə bilərlər, evim yıxılar e...

- Ay bədbəxt, iki gündür səni... heç qorxmursan, indi kimdir kəndə xəbər aparan?

Söhbətimiz bundan sonra məcrasına düşür. Əsgərlikdə rus qızları ilə oturub-durduğumdan danışıram. Arada adını soruşuram.

- Gülya deyirlər, sən də belə de, – deyir.

- Mənə yaxşısını tap, evi olsun. Gələndə onlara düşüm.

Gözünü arada pul qoyduğum cibimə zilləyir. Konturunun az olmasından gileylənir. Deyir ki, 2 manatlıq "cin"i olsaydı, bu dəqiqə mənim üçün yaxşı bir "xala" tapardı, deməsindən başa düşdüm ki, artıq qarmağını atıb.

- Alaram, – deməyimi görürəm, yerini bir qədər də rahlayır. Gözümün içinə zəndlə baxır. Sifətindən ifadə edə bilmədiyim həyasızlıq tökülür. İndi fərqinə varıram, üst-başından xoşagəlməz qoxu gəlir.

- Mənə də 20 manat verərsən. 20 manat da o qadına. Evdə qalacaqsan da gecəni, buna görə də 10 manat.

Məni təəccüb bürüyür. Bu necə də mənim saydığım pulu dəqiq hesablayıb! Qəpiyi-qəpiyinə. Onun dediyi rəqəmlə razılaşmıram. Bir qədər aşağı-yuxarı, 15 manat endirim edir. Bu dəfə qiymət məni "qane eləyir".

- Amma hələ tələsmə, həyacanlıyam, qoy bir qədər vaxt keçsin, - deyirəm.

Razılaşır. Bağın bizdən əks tərəfində oturan qadınlardan birinə əl edir. Arıq bir qadın yellənə-yellənə bizə yaxınlaşır. Gülya üzünü mənə çevirir:

- Buna 2 manat ver, qoy, kontur alsın.

Verirəm.

Qadın gözlərini süzdürüb uzaqlaşır. Kənardakı adamların mənə nifrətlə baxmasının fərqindəyəm. Fotoreportyorumuz İsmiyə acığım tutur. Burda olsaydı, şəkilləri çəkər, məni də vəziyyətdən çıxara bilərdi...

İşimiz olsaydı, bu yola düşərdikmi?!

Təxminən 10 dəqiqədən sonra arıq qadın konturu gətirir. Fikir verirəm. 1 manatlıqdır. Demək, bunlar şərik işləyir. Aralanmaq istəyəndə Gülyaya:

- Bu da pis deyil ha, – deyirəm.

- Meylin çəkirsə, deyim? Yeri də var, amma mənim haqqımı bəri başdan ver...

Gülya ilə bir az da "doğmalaşırıq". Soruşuram ki, kənddən 5-10 nəfər adam arada fəhləliyə gəlirik, istəsələr yanına gətirim?

Qadının çiçəyi çırtlayır. Elə hal olsa, məndən haqq almayacaqlarını deyir.

- Bəs sizə mane olmurlar?

- Niyə olmurlar. Olurlar. Onlar göz açmağa imkan verir ki... çox vaxt öyrədilmiş kişiləri göndərirlər, qızları iş başında tuturlar, qazandıqlarını əllərindən alırlar. Çox vaxt da cərimə edirlər. Bizim dolanışığımızı allah kəssin. Adam da şeynən çörək qazanar? Zəmanə belədi də... işimiz olsaydı, bu yola düşərdikmi?! Səni aldadıb pulunu alan adamın işi olsaydı, heç belə fırıldaq da eləməzdi axı...

Danışır və danışdıqca da özümü pis hiss edirəm... Əslində düz deyirdi. Amma...

Sağollaşmadan ayağa dururam. Arxamca baxır...

Tarix
2014.04.23 / 00:08
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla