Yuxarı

Əsgərdən pul yığır, arvadı da başqalarıyla kef çəkir...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizar barədə "Masallı Mamed" yazımda qısaca da olsa bəhs etmişəm. İndi onların hər ikisi haqq dünyasındadır.

Bu günlərdə təsadüfən həbsxanada tutduğum şeir dəftərində onunla bağlı qeydlərimi gördüm. Qeydlər və yaddaşımda qorunan xatirələr ondan bəhs etməyə imkan verdi.

Nizar Cəlilabadda – Göytəpədə doğulmuşdu. Atasının adı Rahil idi. Soyadını unutmuşam. Peşəkar hərbçi olmuşdu. Milli Ordunun "N" saylı kəşfiyyat bölüyünün komandiri vəzifəsində xidmət etmişdi. Əsgərini çuğulluq etməyə məcbur edən "osobist"i "dəli inək balasını tapdaladığı kimi tapdaladıqdan" (ifadə ona məxsusdur) sonra həbs olunmuşdu. Tribunal Nizarı 4 il azadlıqdan məhrum etmişdi.

Keçmiş əsgərləri tez-tez onun yanına gəlirdi. Sovqat gətirir, cibinə xərclik qoyurdular. Ona "komandir" deyə müraciət edirdilər.

Nizarın işi-gücü 6 saylı barakın güngörən yerində özünü günə vermək idi. Çömələrək oturar, əlindəki təsbehi fırladar, hər kəsi müşahidə edərdi. Cəza evinin ən yeni xəbərləri onda olardı. Verdiyi informasiya, dediyi xəbər yanlış çıxmazdı. Bu onun peşəkar kəşfiyyatçı olmasından da irəli gələ bilərdi. Bir xəbəri ən azı 3 nəfərdən dəqiqləşdirərdi.

Dikbaş

"Zon"da işləyən nəzarətçilərlə heç arası yox idi:

- Bilsəydim ki, sizin kimi paqon daşıyanlar var, mən o paqonu çiyinlərimdən çıxarıb, ... soxardım, – deyərdi.

CÇM-də nə baş verirdi, yaxud verəcəkdisə, onun dəqiq məlumatı olardı. "Xlebnik"im olmasa da, məlumatlı olduğu məsələlərdən məni dərhal agah edərdi. Onu çox adam sevməzdi, heç bizim əhldən də. Diliacı idi. Təəssübkeşliyi isə kifayət qədər idi. Bir dəfə Əlibayramlı əhlinin başçısı Bayramla mübahisələri düşmüşdü, elə əhl uşaqlarının gözünün önündə Bayrama kəllə ilə güclü bir zərbə ilişdirmişdi. Ara qarışmışdı və Nizarın kəşfiyyatçı olması burda bir daha karına yetmişdi. Əlbəyaxa döyüşdə onunla bacarmaq çətin idi.

Davakar

Dava-dalaş böyüyüb iki əhlin arasında baş verəcək həddə çatmamış, "yaxşı oğlanlar" işi düzüb-qoşdular. Nizar 4 günlük karser cəzasından sonra sınıxmış halda tibb məntəqəsinə - mənim yanıma gəldi. Çay içdik, hazır yeməyimiz vardı, nahar etdik. Bir qədər "kars"dakı dözülməz şəraitdən danışdıqdan sonra:

- Şair, inanırsan, xirtdəyə qədər p..-püsürün içindəyəm. Karserdə mənimlə olan ağdamlı Siracı döymüşəm. Sabah da o çıxacaq. Onu o gündə görsələr, qanım getdi.

Sirac doğurdanda "it günündə" idi. Nizar onu hansısa ehtiyatsız sözünə, ona "paqon" deyərək aşağılamaq niyyətinə görə yumruqlamaqla cavab vermişdi.

Rejim rəisi Siracdan onu bu günə kimin saldığını soruşanda, Nizarın adını vermədi:

- Nə bilim, axşamlar "nadzor"lar işığı söndürüb içəri girir, bizi döyürdülər.

Nizar da bir-neçə dəfə belə halın baş verdiyini deyərək, Siracın dediklərinə haqq qazandırmışdı. Rəhbərlik nəzarətçiləri sorğu-suala tutsa da, heç kəs belə halın baş verdiyini təsdiqləməmişdi. İçəridə isə söz-söhbət gəzirdi ki, doğurdan da Nizargili hər axşam döyürmüşlər. Həqiqəti isə cəmi üç nəfər bilirdi. Nizar, Sirac və mən. Mənim bilməyimdən isə Sirac xəbərsizdi.

Nizarın Bayramı döyüb karserə düşməyi ilə iş bitmirdi. Bu qanunun ona verdiyi cəza idi. Veriləcək cəzanın, çıxarılacaq hökmün nəticəsi isə CÇM-də vəziyyətə ("polojeniya") baxan tərtərli "Malış"ın və "bratva"nın qərarından sonra olacaqdı. Malışla aram yaxşı idi. Onu bir iki dəfə şahmatda udmuşdum. İnadcıl idi və imkan tapan kimi mənimlə şahmat oynamağa gəlirdi. Ağdamlı dustaq yoldaşım, indi isə ən yaxın dostlarımdan olan "xlebnikim" Aqil deyirdi ki, sən ona uduz, qoy ayaqlarını burdan çəksin. Mənə isə Malışı udmaq ləzzət edirdi. Həm də onunla söhbət etmək maraqlı olurdu. Kriminal aləmin sayılanlarından idi.

Malışa axşam olacaq "sxodka"da iştirak etmək istədiyimi dedim. Razı olmadı:

- Sənə olmaz. Sən öz həyatını yaşa. Səninlə bağlı heç nə yoxdur. Sonra da dedi ki, Nizar da düz eləməyib, əhl başçısına əl qaldırıb.

- Özü də hər ikiniz "paqon"sunuz. Nizara qarşı uşaqlar qəzəblidir.

Dediklərindən təxminən belə anladım:

- Sizin əhl başçınız istəsə söhbətə kurs ola bilər. Amma ona da ehtiyac yoxdur. Qardaşlar məsələyə aydınlıq gətirər.

Mən əhl başçısı olmasam da, əhlin bütün üzvləri məni ağsaqqal hesab edirdi və bütün məsələlərin müzakirəsi, məsləhətləşməsi mənimlə aparılırdı. Malış bunu yaxşı bilirdi. Gecədən keçmiş aparılan "məhkəmədə" mən ola bilmədim. Amma nəticəni öyrənmək üçün də səbirsizliklə gözlədim.

Hümanist

"Sxodka"dan sonra Nizar "sançast"a yanıma gəldi. Üzü gülürdü:

- Bayrama yazıqlığım gəldi. Onu "vurdular". Əhl başçısı olmaz dedilər, səndən.

Bayramla arada yaşanan konflikti Nizar olduğu kimi nəql etmişdi. "Səhər razvodundan sonra yemək zamanı Əlibayramlıdan olan cavan bir dustaq niyə tutulmasından danışdı. Əsgər olmasını və komandiri tərəfindən döyüldüyünü, təhqir olunduğunu dedi. Bayram əsəbi halda dedi ki, zabitlər hamısı belədir. Əsgərdən pul yığır, aparır evinə. Arvadları da o pulla başqaları ilə kef çəkir. Mən də bu sözünə görə onu vurdum. O, gərək ümumi danışmayaydı. Mən də zabitəm, amma mən əsgərimi qoruduğuma görə həbs olunmuşam. Əsgərdən, onun valideynindən pul almamışam".

Qardaşların qərarı Nizarın xeyrinə öz həllini tapmışdı. Həmin gündən sonra Bayram Cəza müəssisəsinin həyətində pərt və sındırılmış kimi gəzirdi. Onunla hörmətsiz davranırdılar...

Hiyləgər

Nizar həm də hiyləgər idi. Di gəl, hiyləsi şərə xidmət etməzdi. Əhlin ehtiyacı olan dustaqlara yardım əlini uzadardı. Siqaret alar, iynə-dərmana pul xərcləyərdi. Zonda faizə pul buraxırdı. Mən "burjuy" olduğuma və tibb məntəqəsində qaldığıma görə pulunun saxlanmasını mənə etibar edirdi. Sən demə, məqsədi varmış. Hərdən yanıma gələr, bir qədər söhbət etdikdən sonra, pulundan müəyyən qədər götürər və deyərdi ki, 10 günlüyə filankəsə verəcəyəm. Gedək, sən də kurs ol ki, sonra danmasın. Türmədə belə hallar əsasən kiminsə şahidliyi ilə olardı ki, sonradan başağrısı olmasın. Hər iki tərəfdən – borc verən və borc alan tərəfdən şahidin olması çox vacibdir. Sən demə, Nizar pulu faizə verirmiş. Şahidlərin gözü önündə məndən pulu götürüb ehtiyacı olana verirmiş. Sonradan biləcəkdim ki, sələminə verilən pullar mənim adımdan verilirmiş, Nizar özü isə yaxşı oğlan olaraq qalırmış. Məsələnin üstü açılanda Nizarla aramızda çox dərin mübahisə yaşandı. Səhvini boynuna aldı. Ondan pul götürən aralıq uşaqlarını dəvət etdim. Onlara məsələni etiraf etdi, məndən üzr istədi. Məsələ böyümədi, elə ikimizin arasında da qaldı.

Ailəcanlı

Nizar həbsdə qaldıqca kriminal aləmə meyli artırdı. Dəfələrlə söhbət etmişdim, aralıq uşaqları ilə az otur demişdim. Ən böyük arzusu azadlığa çıxıb yenidən orduya qayıtmaq olsa da, etiraf edirdi ki, oğru dünyasına marağı daha çoxdur:

- Burda həqiqətə daha çox dəyər verirlər. Adamı yalandan məhkum etmirlər. Kimin günahı nədirsə, onu da çəkir.

Atasını, qardaşını çox istəyirdi.

- Çölə çıxandan sonra onlara imkan verməyəcəm əziyyət çəksinlər.

Nizar azadlığa çıxdıqdan sonra mənimlə əlaqə saxladı. Görüşdük. Xeyli söhbət etdik. Orduya qayıda bilməmişdi. Dayısı ilə birlikdə ticarətlə məşğul idi.

- Bir az pulum var. Faizə verirəm. Allah bərəkət versin. Dolanıram, oğlum böyüyür. Onunüçün yaşayaıram, – dedi.

Nizar yaşaya bilmədi. Faizə verdiyi pulun gecikdirildiyini gördükdə bir-neçə dəfə pulunu istəmək üçün gedib və dilinin acı tərəfinə salaraq borclusunu təhqir etmişdi.

Borclu adam da bu təhqirə dözməyərək Nizarı bıçaqla ürəyindən vurmuşdu.

Onun 40 məclisində oldum...

Tarix
2014.04.22 / 12:14
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla