Yuxarı

"Hər uğurumda bir dost itirmişəm" - Foto/Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın müsahibəsini təqdim edirik. O, geniş müzakirəyə səbəb olan "Qatil" tamaşasındakı Müəllimə obrazı ilə bizə daha çox tanışdır.

- Münəvvər xanım, "Qatil" tamaşası ətrafındakı son söz-söhbətlərdən sonra heç dedinizmi ki, bu baş ağrısı mənə lazım idi?

- "Qatil" tamaşası hazırlananda bu hay-küyü gözə almışdıq. Ancaq biz bu söz-söhbəti adi tamaşaçılardan gözləyirdik, sənət adamlarından yox. Son situasiya mənə daha çox təsir etdi. Çünki o insanlar məhz mənim dostlarım sayılırdı, mənə görə gəlmişdilər. Onlardan bunu gözləməzdim.

- Bəs bu hadisə dostluğunuza xələl gətirdimi?

- Mən Əbdül müəllimə zəng edib dedim ki, etdiyiniz nə dərəcədə doğrudur? Dedi ki, mən belə şey etməmişəm, amma istəməzdik, səni elə rolda görək. Dedim, bu nə deməkdir, mən aktrisayam. Əslində, Şeyx Əbdül də rejissordur, onun "Şaman duaları" tamaşasında da "Allah, Allah" deyib şamanlıq edirdim də. Sabah mənə fahişə rolu verilsə, onu da oynaya bilərəm. Orda çılpaqlıq ola bilər, amma mən onu elə oynayacam ki, iç dünyasını, onu fahişə edən kəsləri, səbəbləri, həyatı göstərəcəyəm. Mən bunu düzgün şəkildə edə bilsəm, o qadına bəraət qazandıracam. Onda niyə də oynamayım?

Hətta söhbətlər arasında "Açaram sandığı, tökərəm pambığı" söhbəti olmuşdu. Əslində, hər kəsin açmağa sandığı, tökməyə pambığı var. Elə adam var ki, ona bütün ləkələr yapışır. Amma bizə ki, yapışmaz...

Bu sənət üçün nəyə görə bu qədər qurban verirdim? Qohum-əqrəbanın "Filankəsin qızı getdi, aktrisa oldu" tənələrinə dözdüm, onları başa sala bildim. Onların da uşaqları vardı, aktrisa olmasa da hərəsinin həyatı bir cür gətirdi.

- Yadımdadır ki, Alim Qasımovun sənətinə heyran olduğunuzu, ona qibtə etdiyinizi deyirdiniz. Ona görə də, onu tamaşaya dəvət etmişdiniz. Alim Qasımovun isə sizə qiyməti belə oldu...

- Alim Qasımovun belə bir şey edəcəyinə, ümumiyyətlə, inanmıram. Amma nədənsə kiməsə xoş idi ki, martın 30-u tamaşa oynanandan sonra qalmaqal yaradılsın. Bu da mənəvi aclıqdan irəli gəlir.

Ümumiyyətlə, əvvəllər fikirləşirdim ki, dost pis gündə tanınar, amma əksinəymiş. Mən ev alanda bir dostumu itirdim, maşın alanda birini. "Qatil" tamaşasında uğur qazandım, dostlarımın çoxu mənə qarşı çıxdı. Başa düşmürəm, ayaq üstə alqışlanmağımızımı həzm edə bilmirlər?

- Bəs ailə üzvləriniz nə deyir, ümumiyyətlə, tamaşaya baxıblarmı?

- Hamısı baxıblar. Hətta qohumlarım, rəfiqələrim arasında dindar xanımlar vardı ki, çəkinə-çəkinə onları da dəvət etmişdim. Təəccüblüdür ki, onlar heç bir mənfi rəy söyləmədilər. Əksinə, o qədər təsirlənmişdilər ki... Tamaşanın məğzini anlayandan sonra gözə çılpaqlıq görünmür. Tamaşa haqqında deyilənlərə də məəttəl qalmışdılar ki, orada axı elə səhnələr yox idi.

İndi mənim ailəm də, qohumlarım, çevrəm də sənətimi çox gözəl qəbul edir. Qohumlarım arasında o qədər ağlayaraq o tamaşadan gedən olub ki... Özüm də bilmədən onların həyatını oynamışammış, bunu özləri etiraf edirdilər. O tamaşadan sonra qohumlarımdan çox dost tapdım özümə, amma dostlarımı itirməli oldum.

- Siz özünüz "Qatil" tamaşasının hansı ştrixini öz həyatınızda yaşayıb görmüsünüz?

- Keçən il mən fikirləşirdim ki, görəsən, mən bunları öz həyatımda görmüşəm? Cavabım "yox" olurdu. Amma bu gün daha dərin fikirləşəndə görürəm ki, hə. Şoka düşürəm, deyirlər, buna bax, hər şeyi var – evi, eşiyi, maşını, amma deyir heç nəyim yoxdur. Axı ev, maşın heç də həyatda hər şeyin olmağı demək deyil.

- Təbii ki, bir insanın hər şeyi ola bilməz. Amma ümumi mənada sizə nə lazımdır ki, özünüzü hər şeyi olmuş kimi, tam hiss edəsiniz?

- İnsan ruh əkizini tapmalıdır, onda tamamlanır. Mən səni hər gün görmürəm ki... Hər gün yanımda ola bilən, danışmaq, bölüşmək imkanım olan biri lazımdır, nəinki başqa şey... Ola bilər sevgi var, hər şey var, amma o olmadığı halda tam olmursan.

- Münəvvər xanım, aktrisa olduğunuza görə sizdən üz döndərən olubmu?

- Bu sənətə gəlməyimə yeganə atam razı idi, başqa heç kəs. Qardaşımla böyük problemim yaranıb buna görə, ancaq sonra qəbul edib.

Əslində, aktrisa adı ilə həyatda çox çətinlik çəkmişəm. Aktrisa olmaqdan ötrü nə qədər baryerlər aşmışam, qurbanlar vermişəm. Cəmiyyət qadının aktrisalıq etməyini qəbul etmir. İndinin özündə də deyəndə ki, aktrisayam, bu işi çox yüngül hesab edilər. Ancaq bizi elə qəbul edib, tamaşaya gələnlərin belə fikirləri dəyişib. Deyirlər, ilahi, sən o səhnədə nələr çəkdin?! Orda o ağrını, yaşantını görürdülər.

- Ancaq yalançı pafosla oynadığınızı deyənlər də var...

- Bunu deyənlərin, yəqin, özləri başdan-ayağa pafosdur. Bilirsən necədir, həyatda özün təmiz düşüncəylə yaşayırsansa, elə bilirsən ki, hər kəs elədir. Yaxud da əksinə.

- Münəvvər xanım, bildiyim qədər, "Aktrisa" filmindən bəzi açıq-saçıq səhnələrə görə imtina etmisiniz. Halbuki, "Qatil"dəki obrazınız bu mənada daha cəsarətli idi. Bəs onda niyə çəkinmişdiz, sonra necə oldu bu sərhədi aşdınız?

- Əslində, məndə o kompleks var idi. Filmlərdən böyük rollar üçün dəvət alırdım, amma bir balaca açıq səhnəyə görə qəbul etmirdim ki, mən vücudumu çılpaq göstərə bilmərəm, bacarmaram. "Qatil" tamaşasından sonra kompleksim sındırıldı. Çünki "Qatil"də o çılpaqlığa varmırsan. Orada daha çox qadının ağrı-acısı üstələyir o səhnələri. Bu sənətdir. Ola bilsin, sənətimin elə nöqtəsində gəlib yerləşdim, düşündüm ki, sənətə ciddi yanaşmaq lazımdır. Şıltaqlıq etmək olmaz.

- O roldan sonra digər rollara keçid çətin oldu, yəqin ki...

- "Qatil"dən sonra istədim ki, daha yüngül, komik obrazda oynayım. Çünki o bir ildə hiss elədim ki, çox yaşlaşıram, içim ağrıyır. Amma komik obrazda da əziyyət çəkirəm. "Qatil"də ağrı çəkirdim, vücudum göyərirdi, amma ruhum sakit olurdu, komik rolda isə ruhum narahat olur. Ona görə həmin rolumu atəşə tutsalar, məni yandırmazdı.

- "İlahi məxluq" filmində Vəfa Zeynalovanın roluna necə, çəkilərdinizmi? O rol da çox qınağa tuş gəldi.

- O filmdə, əslində, erotika yox idi. O rol mənə təklif edilmişdi. Amma mənə təklif ediləndə deyilmişdi ki, gərək sinən tam açıq, qabarıq şəkildə çöldə olsun. Ancaq elə çəkilmədi, qadının sinəsi tülün altında göstərildi. Mən demişdim ki, mən vücudumu çılpaq şəkildə göstərə bilmərəm. Filmdə çobanın anası rolunu oynadım. Amma bu gün düşünürəm ki, sənət nöqteyi-nəzərdən baxsaydım, bəlkə də, çəkilərdim. Gözəl bir mövzu olsa, niyə də yox? Məsələ qadının çılpaqlığı deyil.

- Bəs sizin üçün hansısa rolu oynamaqda yaş problem ola bilər?

- Yaşlı, bomj qadını oynayanda aktrisalar məni qınadı ki, biz oynamazdıq bu rolu. Sən ki, hələ gəncsən. Amma mənim üçün yaş o vaxt problem olar ki, "Romeo və Cülyetta"da Cülyetta rolunu mənə verələr. 16-17 yaşlı qız rolunu, əlbəttə ki, oynamaram. Bu mənim üçün gecdir.

- Tamaşaçı gülər sizə?

- Əslində, mən özümü formada saxlamağı bacarmışam, öz yaşımı vermirəm. Səhnədə yaş bir o qədər görünmür, səhnə cizgiləri tam açmır. Ancaq filmdə yaş özünü daha çox göstərir. Oynasam belə yaxşı görünməz.

- Teatrda oynamaq istəmədiyiniz roldan imtina etmək şansınız olur? Yoxsa bu sizə problem yaradar, işinizi itirə bilərsiniz?

- Problem yaradır. Rolu oynamaq istəməyəndə yazılı surətdə buna səbəblər göstərməli olursan, ya da rejissor sənin haqqında mənfi xarakteristika verir. Bu peşəyə gəlmisənsə, "bacarmıram" deməməlisən. Məsələn, mən "gülməyi bacarmıram" deyirəm, komediya mənlik deyil. Elə düşünürəm ki, dəyişsəm, falş olacam. Ancaq rolu tam qavrayıb, dərinliyinə gedəndə o rolda da hardasa özünü tapa bilirsən. Əsas odur ki, vücuda o obrazın ruhu girə bilsin.

- Siz aktrisalıq fəaliyyətinizə "Yuğ" teatrında başlamısınız. Sonra "Azdrama"da o qəribə ruhlu teatrın ab-havası, tamaşaları üçün darıxmadınız ki?

- Yox. "Yuğ"dan özüm çıxdım. Atam dünyasını dəyişəndən sonra bir müddət işə çıxmadım. Çıxandan sonra da gördüm ki, bu teatr mənlik deyil, mənim istədiyim bu deyil. Amma oradan çıxanda bütün yolboyu ağlamışdım, gözümdən sel gedirdi. Bəlkə də, məni Mikayıl Mirzə Həsənağa Turabovun yanına gətirməsəydi, mən yenidən aktrisa olmayacaqdım. İçimdə nə isə qırılmışdı. Eyni zamanda hiss edirdim ki, çiyinlərimdən ağır bir yük götürülüb, quş kimi uçurdum.

- Yəni belə ağır idi sizin üçün "Yuğ"da oynamaq?

- Yox, oynamaq məsələsi deyildi. "Yuğ"dakı tamaşa "Azdrama"da qoyulsa, böyük bir məhəbbətlə oynayardım. Sadəcə, orada ətrafdakı insanların mənə qarşı təbii olmaması, ikibaşlı, süni münasibət məni qırdı. İstəmədim də...

- Bəlkə, oradan uzaqlaşmaq həm də daha böyük səhnəyə, daha böyük tamaşaçı kütləsi qarşısına çıxmaq istəyinizdən irəli gəlirdi...

- Hə, orda məhdudluq var. Bəzən balaca teatrdan böyük teatrda gələndə elə olur ki, o aktyor səhnədə yeyilmir. Amma mən yeyildim. Vaqif İbrahimoğlu da həmişə mənə deyirdi ki, sən çox yağlı tikəsən. Əslində, görünür, mən "Yuğ"da yamaq idim, o özü də bunu gözəl bilirdi. Deyirdi ki, gərək sənin özünün xüsusi teatrın olsun. Mən məcburən "Yuğ"da qala bilməzdim, bəlkə də, məcburən oradaydım. Amma ora yenə də mənim üçün bir məktəb oldu.

- Bəs teatrların birləşdirilməsi fikrinə necə baxırsınız? Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirildi, daha sonra "Yuğ"un "Azrdama"ya birləşdirilməsi məsələsi ortaya atıldı. Hansı halda sənət daha çox fayda görmüş olar?

- Mən, ümumiyyətlə, siyasətdən uzaq olan bir insanam. Bu addım da hansı siyasi yola xidmət edir bilmirəm. Bilinmir ki, bu fikrin arxasında Mədəniyyət və Turizm Nazirliyi, yoxsa başqa bir şəxs durur.

Bilirsən, "Yuğ"da elə bir aktyor ola bilər ki, o "Yuğ"luq olmasın. Bəzən də elə olur ki, aktyor Akademik Milli Dram Teatrının səhnəsinə çıxır, amma nə qədər cəhd etsə də, onda alınmır, səhnədə itib-batır. Məsələn, mənim enerjim fərqlidir. Bir insan o boyda səhnədə tək qalırsa, onun nə dərəcədə enerjisi olmalıdır ki, bütün tamaşaçılara bəs eləsin və 600-700 adam sakitcə onu dinləsin. Məndəki energetika "Yuğ"un tamaşaçıları üçün həddindən çox idi. Belə də olmaz. Mənim cizgilərim də çox qabarıqdır, hərəkətlərim də. Film də o enerjini sevmir. Məndə daha çox qaynarlıq var, kamera saxlaya bilmir məni.

- Münəvər xanım hamıya bəllidir ki, aktyorun əmək haqqısı ən yüksək halda 200 manatdır. Bu, sizi ruhdan salır heç?

- Mütləq təsir edir. İnsanın sənəti qiymətləndirilməlidir. Axı niyə mən həmişə düşünməliyəm ki, büdcəmi elə bölüm ki, borclu qalmayım, tələbatlarımı ödəyə bilim. İnsan kimi yaşamalıyıq, ildə heç olmasa bir dəfə istirahətə getməliyik ki, bu cəmiyyətdən uzaqlaşasan, təzələnəsən. Məsələn, mən istərdim ki, xarici ölkələrdə hər hansı tamaşaya baxım, amma mənim buna imkanım yoxdur. Niyə gedə bilməməliyəm axı? İmkanı olanlar da hansısa ölkədə teatra yox, alış-veriş mərkəzinə gedir.

İnsan istəyir ki, bəzi xanımlar kimi hər gün salona gedim, gözəl görünüm, özümdən həzz alım. Niyə ancaq başqaları bizi sevməlidir? Mən bunu edəndə 5-6 aylıq maaşımı xərcləməli oluram və özümü bir il nələrdənsə məhrum etməli oluram.

- Son vaxtlar filmlərə çəkilmirsiniz. Yəqin, elə bu da filmlərdən aldığınız qonorarın azlığı ilə əlaqədardır.

- Hə, buna görə çəkilmirəm. Mən öz maşınımı sürürəm, kostyumlarımı özüm təşkil edirəm, salona gedirəm və sairə. O filmdən alacağımdan xərclədiyim daha çox olur. Mən filmdə normal geyimdə, görünüşdə olmaq istəyirəm. Yoxsa "Sirr" serialındakı kimi həmişə gecə köynəyində olası deyiləm ki... Seriala təkcə hadisələrə görə baxmırlar ki, insan görüntüsünə görə də baxırlar.

- 22 ilə yaxındır ki, bu sənətdəsiniz. Adətən teatrda ya partnyorlar arasında, ya digər sənət dostları arasında sevgilər yaşanır. Sizə belə bir sevgi etirafı olubmu, ya siz kimisə sevmisinizmi?

- Sənət adamlarından yox, öz mühitimizdə belə şey olmayıb. Mən bir az fərqli adamam, özüm də onlara başqa cür baxıram. Universitetdə də oxuyanda təməli elə qoymuşdum ki, hansısa oğlan mənə sevgi etirafı eləməsin. Bir oğlan etmişdi, o da qrupumuzdan çıxmalı oldu, çünki gələcəkdə onunla rol bölüşmək çətin olardı. Eşitdiyim etiraflar mənə ciddi görünmürdü. Onlar mənim üçün adiləşmişdilər, artıq elə adamlara qarşı da heç vaxt sevgi hissin ola bilməz. Sənət adamlarına üçüncü cins kimi baxmağa başladım.

Mənim həyat yoldaşım sənət adamı deyil, tamam başqa peşə sahibidir. Ona görə onu ciddi qəbul edə bildim. Bəlkə də, sənət adamları arasında insanın içini duyan biri olsaydı, başqa cür yanaşa bilərdim.

- Bəs həyat yoldaşınız sizi başa düşmürmü ki, içinizdə belə bir istək duyulur – anlaşılmaq, duyulmaq istəyi, ruh əkizini tapmaq istəyi.

- İnsanın həyatda ruh əkizi olur, onunla bir-birinə bədənlə bağlanmırsan, ruhla bağlanırsan. İnsanın ruh əkizinin yanında olub, ona dəstək verməsi, səni cəmiyyətin qapısına yox, özünün açdığı qapıya salması tamam başqa şeydir.

Mən ailə quranda sevgidən çox, sənətimi qəbul etdiyinə görə həyatımı onunla qurdum. Yəni mən seçə bilmədim. Mən birinci gündən həyat yoldaşıma demişəm ki, bu sənətə gəlmişəm və seçim qarşısında qalsam, səni yox, sənəti seçəcəm. Bu qədər yol gəlmişəm. Seçim qarşısında səni yola verməyə çalışacam, amma sənəti yox. Nə qədər ağır olsa da, hər şeyə, ayrılığa, acıya tab gətirərəm, amma sənətimdən getmərəm.

- Qızınızı da düşünməzdiniz?

-Artıq gecdir. Sabah mənim qızım üçün kimsə elçi gəlsə belə, mən artıq o tamaşanı oynamışam axı. Bir dostum deyirdi ki, bəs sənin tamaşada çəkilən şəkillərini paylaşırlar, ayıbdır. Sənə sabah fahişə rolu versələr, oynayacaqsan? Əlbəttə, oynayacam, bu mənim sənətimdir. Dedi, sənə görə demirəm ey, qızın var. Mən onsuz da aktrisayam, qızıma elçi gələn də biləcək ki, aktrisanın qapısına gedir. Mən bundan qaça bilmərəm ki... Aktrisa olmaq başqa şeydir, şəxsiyyət olmaq başqa şey. Mən ki, həyatda çılpaq gəzmirəm, əxlaqımı qoruyuram. Mən bu sənətimə illərimi vermişəm. Bu sənət lazımınca qiymətləndirilsəydi, lap qızımın da aktrisa olmağını istəyərdim. Amma mən çəkən əziyyəti onun çəkməyini istəmirəm. Bu cəmiyyət onsuz da bizə o qiyməti vermir, heç olmasa, tamaşaçı yaralamasın.

PS: Münəvvər Əliyevanın ruhunu Ramiz Rövşənin şeirləri dincəldə bilir. Elə bizim üçün də onun "Qara paltarlı qadın" şerini ifa etdi /1937.az/.

Tarix
2014.04.18 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla