Yuxarı

Çingiz Hüseynov: “Rusiya mühitinə nifrət edirəm”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər həftə "Yağmurun qonaqları" rubrikasında həmsöhbətimiz olur. Bu dəfə də qonağımız Moskvada yaşayan yazar Çingiz Hüseynovdur. Çingiz bəylə ədəbiyyatdan danışdıq.

Ədəbiyyatın mahiyyəti, funksiyası unudulmamalıdır

- Çingiz bəy, uzaqdan Azərbaycan ədəbiyyatı necə görünür?

- Uzaqdan yox, kənardan deyərdim. Güclü axındır, ideoloji sədlər aradan götürülüb, uçurulub, dil əsl mənada azadlığa çıxıb, yazarlarda ruh yüksəkliyi duyuram. Amma ədəbiyyatın mahiyyəti, funksiyası unudulmamalıdır: Sözün qüdrətinə inanıb cəmiyyəti silkələmək, ədalət naminə hərəkətə gətirmək, heç kimdən çəkinməyərək böyük həqiqətləri, acı olsa da, açıb göstərmək, ad-san, var-dövlət üçün vicdanını satmamaq.

- Ümumən, Azərbaycan ədəbiyyatı rus ədəbiyyatından çoxmu zəifdir? Xüsusən nəsri nəzərdə tuturam...

- Ədəbiyyat konkret və təkrarolunmaz şəxslərdən ibarətdir, odur ki, bütövlüklə ədəbiyyata zəiflik kriteriyası ilə yanaşmaq olmaz... Fərqimiz yalnız ondadır ki, rus dili dünya dilləri sırasındadır, rusdilli orijinal əsər tez yayılır, tanınır, bu, həm də bizim bacarmadığımız piara bağlıdır.

Fərqlər bizim mentalitetə bağlıdır

- Artıq uzun illərdir ki, rus ədəbi mühitindəsiniz, burdakı əhvali-ruhiyyəni bilirsiniz. Azərbaycan ədəbi mühitini də yəqin ki, internetdən izləyirsiniz. Sizcə, bu iki mühit arasındakı fərq nədir?

- Fərqlər bizim mentalitetə bağlıdır: saray-qul təbiəti, həddən artıq paxıllıq, kütləvi mədəniyyətsizlik, lovğalığı da buraya daxil edərdim... Bir də bizdə geniş mənada alverçilik psixologiyası çox güclüdür, elə zənn edirik ki, dünya lal-kordur, hər nə istəsək, satın ala bilərik, pulla keyfiyyət də qazanarıq, tanınarıq, şöhrətlənərik.

- Sizə elə gəlmirmi ki, Azərbaycan ədəbi mühitində dartışmalar yox, daha çox ədəbi dedi-qodular tüğyan edir?

- Əslində, elə sualı özünüz cavablandırdınız. Bundan artıq nə demək olar?!

- Ömrün müdrik çağındasınız. Necə bilirsiniz, bu müdriklik deyilən çağ doğurdan da həyatı daha yaxşı anlayıb kamilləşməkdir, yoxsa insanın ruhundakı üsyan bitir? Bəlkə olaylara daha laqeyd yanaşırıq, bunun da adı olur müdriklik?

- Yox, insan yaşa dolduqca kamilləşib həyatı daha da yaxşı anlamır. İnsanın ruhundakı üsyan da bitmir. Sadəcə, insan doğurdan da olanlara laqeydləşir. Dediyinizlə yüzdə-yüz şərikəm. İnsan hər yaşda həyatla savaşmaq istəyir. Yaş yalnız və yalnız fiziki zəifliyə aiddir.

Rusiya mühitinə nifrət edirəm

- İndi yaşınız imkan versəydi, nə ilə mübarizə aparardınız, yoxsa hesab edirsiniz ki, mübarizəyə dəymir heç?

- Səksənilliyimdən xəbər verən belə bir zərb-misalım var, rusca yazmışam, rusca da deyim, elə belə də qalsın: "Когда живёшь, во всём ищешь смысл, а когда проживаешь, во всём видишь бессмыслицу, но иного не дано - лучше жить в поисках смысла, даже понимая, что это – бессмыслица". (Yaşadıqca hər şeydə məna axtarırsan, ancaq yaş ötəndə hər şeyin mənasız olduğunu görürsən – neynəyəsən, başqa seçim də verilməyib – elə ən yaxşısı, bunun mənasız olduğunu başa düşə-düşə məna axtararaq yaşamaqdır).

- Elə bir vaxt olubmu ki, Moskvada yaşadığınıza peşman olmusunuz, "kaş indi Azərbaycanda olaydım", - deyib, təəssüflənmisiniz?

- Yox... Amma daim vətən həsrəti ilə yaşamışam, nostaljidir bu... Doğma, şirin və ruhumun dərinliklərindən xəbər verən səslər-sözlər, xoş rəftar, mehribançılıq, sayrışan ulduzlarla dolu Bakı gecələri... Son vaxtlar isə Rusiya mühitinə nifrət edirəm, zay və çürük vətən mühitini də qəbul edə bilmirəm. Dünya həm darlaşıb, həm də eybəcərləşib.

Söz vuruşmadan çəkinməməlidir

- Çingiz bəy, ədəbiyyat insanın ruhuna hakim ola bildimi? Sizcə, ümumən insan sözün arxasınca gedə bildimi, yoxsa ondan üz çevirdi?

- Bu, sonu olmayan, daimi prosesdir. Söz sözünü deməli, əbədi vuruşmadan çəkinməməlidir. Bütün qapılar bağlansa da, pəncərədən, pəncərələr mıxlansa bacadan keçəcək... Çünki insanın təbiətinə bağlıdır bu iş, bu peşə... Şair demişkən, "bulağın yolunu kəssən – yolunu tapar, çıxar..."

Sevgisiz bir cümlə də yazmazdım

- Son olaraq, yaşadığınız həyatın mərkəzidə daha çox nə olub - kədər, məyusluq, ya sevgi?

- Kədər də olub, məyusluq da, amma bütün bunlar gəldi-gedərdir. Dünyanın bütün işləri sevgiyə bağlıdır. Sevgisiz şəxsən mən bir cümlə də yazmazdım, hətta, sözün açığı, yaşamağa da dəyməzdi!.. Yenə də şair demişkən: "Любви все возрасты покорны" (Məhəbbət yaşa baxmır. - red.).

Tarix
2014.04.16 / 08:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla