Yuxarı

Hacı Məmmədovun bacısı əri Xosrov dayı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi çoxdan arxada qalmış illərdən üzü bəri boylanan türmə xatirələrimdə Xosrov dayının özünəməxsus yeri var. Güləbirdli Vaqif kişi və Xosrov dayı sözün əsl mənasında böyük bir həyat yaşamış və çoxlarına nümunə olacaq insanlar idi. Vaqif dayı haqda ötən yazılarım da bəhs etmişəm...

Xosrov dayı ilə ilk tanışlığımın qəribə tarixçəsi var. 10 saylı CÇM-in tibb məntəqəsinin həyətinə ilk girişimdə mənə çox tanış olan və zamanında daim işlətdiyim bir komanda eşitdim: "Adday kançı" (Kəndirləri verin!).

Tanıdın məni?

Bu əmr dənizçilər tərəfindən işlədilir. Gəmi bir körpüdən, yaxud haradansa aralanarkən komandir, yaxud köməkçi tərəfindən növbətçi matroslara verilir. Sonradan adının Xosrov olduğunu bildiyim bu kişinin hündürdən dediyi əmrə tərəf dönürəm. Mənə baxıb gülür, yanında oturan laçınlı Ramizə:

- Gördün, dedim də o, dönüb baxacaq? – Sonra da mənə dönür. - Tanıdın məni?

Tanımadığımı deyirəm və yaxın gəlirəm. Salamlaşıram. Kimliyini soruşuram.

- Məhbus Xosrov, – deyir və xırda-xırda gülür.

Yox, bu adamda cinayətkarlara xas olan heç nə yoxdur. Oturuşundan belə ağayanalıq, böyüklük, ağsaqqallıq oxunur. Hal-əhval tutur mənimlə.

Bu "heç nə"lərin altından nələr çıxır e...

- Sən nə etmisən, niyə buxovlayıblar səni? - soruşur.

Cavabım ənənəvidir: - Heç nə...

Üçümüz də gülürük. Ramiz deyir:

- Qurdalayandan sonra bu "heç nə"lərin altından nələr çıxır e...

Siqaret çəkmək istəyirəm.

- Trubkan yoxdur? – Xosrov dayının sualı məndə ona bir qədər də maraq oyadır. Və yenə də onun həmən xırda gülüşləri. "Sirr gizlənir bu adamda", – düşünürəm.

Hacı Məmmədova görə həbs olunub

Xosrov dayı həmin gün özünün kimliyini və məni haradan tanıdığını demədi. Əksinə, mən həmin tanışlıqdan təxminən bir saat sonra onunla bağlı bəzi məlumatlar əldə etdim:

"Xosrov kişi hörmətli adamdır, Hacı Məmmədova görə həbs olunub. Onun bacısının əridir. Evindən silah tapılıb və qanunsuz silah saxlama ilə həbsə atılıb".

Xosrov dayı ilə güləbirdli Vaqif dayıdan daha tez doğmalaşmışdıq. Bu ağsaqqalların fərqi onda idi ki, Vaqif kişi daha söhbətcil və macəra dolu adam idi. Xosrov dayı isə onunla müqayisədə fəndgir və azdanışan adam kimi tanınırdı.

Xosrov dayının hər kəsə diqqəti vardı. Yaşlı xanımı hər həftə sonu onun görüşünə gəlirdi. Etdiyi bazarlığı, sovqatı gətirirdi. Onun burjuy kimi qaldığı palatadakı dolabında xeyli dərman vardı. Özünün ehtiyacı belə olmadığı dərmanları gətizdirərdi. Tanıdığı, münasibət qurduğu dustaqlara yardım da edərdi. Onların səhhətinə xüsusi diqqət ayırardı. Onun haqda pis heç nə demək mümkün deyildi. Vaqif dayıdan fərqli olaraq rejim qaydalarına da riayət edərdi. Səhər və axşam yoxlamaları olanda "platsa" çıxardı. Təsbehi əlində, boz rəngli yay kepkasının "dimdiyi" – günlüyü gözünün üstündə olardı. Köhnə kişilərdən idi.

Bəs kim idi Xosrov dayı?

Onunla daha yaxından tanış olmağımda da ilk addımı elə o özü atmışdı. Hər kəsin mənə "şair" deyə müraciət etdiyi yerdə o, qəflətən:

- Sən "Bahar"da üzübsən? "Banka Makarov"da olubsan? – dəqiqləşdirmə aparmışdı.

Bax, həmin anda o mənə daha yaxın və doğma göründü, demək, dənizçidir, deyə düşündüm. Oraları tanıdığımı, Bulla adasında da olduğumu dedim. Söhbətimizdən məlum oldu ki, Xosrov dayı uzun müddət Sanqaçal, "Bahar", "Bulla More" neft yataqlarında sahə rəisi işləyib, baş mühəndis kimi də fəaliyyət göstərib.

- Səni görən kimi tanıdım. "Şirvan" gəmisi ilə yükümüzü gətirərdiz, - sonra da məni yaddaşsızlıqda qınadı, – cavan oğlansan, mənim yaşıma çatanda nə olacaq?

- Mən sizi görməmişəm, Xosrov dayı, siz buruqdan məni görübsüz, yadınızda qalmışam, – dedim.

Razılaşdı.

O, uzun müddət neft sənayemizin aparıcı mütəxəssislərindən olmuşdu. 70-ci illərdə Küveytdə neft çıxaran sovet neftçilərinin başçısı vəzifəsində çalışmışdı. Yaxşı mütəxəssis kimi dövlət mükafatları ilə təltif edilmişdi. Keçmişi ilə bağlı xoş xatirələri bol idi...

Xosrov dayı bütün mövzularda söhbətə açıq idi. Lakin söhbəti fırlayıb onun həbsinə gətirəndə çox əsəbiləşərdi. Mövzunu qapayardı. Tamam başqa istiqamətə yönəldərdi. Zaman keçdikcə münasibətlərimiz daha da yaxşılaşırdı.

Bu haqda danışmaq istəmirəm

Axır ki, tilsimi qıra bildim. Söhbəti yenə də Hacı Məmmədovun üstünə gətirdim.

- Mən doğurdan da bu haqda danışmaq istəmirəm. Mənə ağır gəlir.

- Xosrov dayı, Hacı Məmmədov sizin qaynınız olsa da, onun ədalətsizliyi haqda faktlar doğrudur. Hətta bir gənc polis işçisi, baş leytenant onun təhriklərinə, adam oğurluğuna, qətlə çəkməsinə etiraz olaraq özünü asıb da... Söz gəzir ki, Hacı Məmmədov guya özü öldürtdürüb həmin polisi...

O mənim oğlum idi

Xosrov dayıya hadisənin mətbuatda necə getməsini nəql etdim. Hər şeyi bilirmiş, əlbəttə. Mən bunu yaxşı bilirdim. Lakin o gəncin Xosrov dayının oğlu olmasını bilmirdim. Xosrov dayının üzündəki ifadəni təsvir etmək çox çətindir. Bu ifadəni görməyənlərin təsəvvür etməsi isə ondan da çətin.

- Düz deyil. Yazılanlar, danışılanlar düz deyil. O mənim oğlum idi.

Çox pis oldum. O da düzdür ki, Xosrov dayı az da olsa, mənə nələrisə danışdı. Amma bütün bunların gizlinliyini istədiyini bilirdim, bunu məndən xahiş etməsə də. Mən içimdə ona söz vermişdim. Yalnız onu demək lazımdır ki, bu gənc polisin Hacının cinayətlərinə heç bir əlaqəsi olmayıb...

Orda Hacının üstü yazılı silahları vardı

- "Moryak", mənim Saraydakı bağ evimdə axtarış aparıldı. Orda Hacının üstü yazılı, ona bağışlanmış silahları vardı. Mənim evimdə saxlayırdı. Burda nə cinayət vardı ki? Məni o silahlara görə həbs etdilər. Bir də həbsimdən qabaq qohumu kimi məndən ifadə almışdılar, mən də onu yaxşı adam kimi tanıdığımı demişdim. Bu, doğrudan da belə idi. O mənim nəzərimdə çox mülayim, ailə və qohumcanlı adam idi.

Xosrov dayı ilə 2007-ci ilin 11 iyulundan bu günə kimi heç görüşmədik. O da azadlığa çıxıb. İndi Sarayda bağ evində yaşayır.

Tarix
2014.04.15 / 09:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla